Nazir: “Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizənin əsas dalğası başa çatıb”


Dünya 06 Dek 2017 17:59:07 328 0

Nazir: “Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizənin əsas dalğası başa çatıb”

Abdullah əl-Kasabi: “Onlardan müsadirə edilən milyardlarla dollar ölkə iqtisadiyyatının inkişafı layihələrinə xərclənəcək”

“Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə üzrə əməliyyatların əsas dalğası baş çatıb”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri Abdullah əl-Kasabi bildirib.

Onun sözlərinə görə, korrupsiya və rüşvətxorluqla məşğul olan dövlət rəsmilərinin və iş adamlarının hamısı həbs olunub: “Onlardan müsadirə edilən milyardlarla dollar ölkə iqtisadiyyatının inkişafı layihələrinə xərclənəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud isə bəyan etmişdi ki, saxlanılan şahzadələrin çoxu öz vəsaitlərini azadlığa dəyişməyə hazırdırlar. Bu “razılaşma” nəticəsində dövlət xəzinəsinə 100 milyard dollar maliyyə vəsaiti toplanıb.

Xatırladaq ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Onlar qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunurlar.

Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.

Tutulan şahzadələr krallığın paytaxtı Ər-Riyaddakı “Ritz Carlton” mehmanxanasında saxlanılırdı. Saxlanıldıqları oteldən kənara çıxmamaları üçün otelin bir mərtəbəsi xəstəxanaya çevrilmişdi. Orada müayinə və müalicə üçün bütün avadanlıq yerləşdirilmişdi.