Xələf Xələfov: "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi əməkdaşlığın əsas prinsipini müəyyənləşdirir"


Siyasət 06 Dek 2017 17:16:20 310 0

Xələf Xələfov: "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi əməkdaşlığın əsas prinsipini müəyyənləşdirir"

"Sonrakı mərhələdə bu Konvensiya dövlətdaxili, o cümlədən texniki prosedurlardan keçiriləcək"

"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi çərçivə xarakteri daşıyır, Xəzəryanı ölkələr arasında əməkdaşlıq prinsipini, eləcə də onların hüquqlarını müəyyənləşdirir. Bu Konvensiya bütün ölkələrə bərabər münasibəti, eləcə də ölkələr arasında əməkdaşlıq prinsiplərini göstərir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən deyib.

"Lavrovun bəyanatında qeyd olunur ki, danışıqlar uğurla başa çatıb və Konvensiya razılaşdırılıb. Sonrakı mərhələdə bu Konvensiya dövlətdaxili, o cümlədən texniki prosedurlardan keçiriləcək. Növbəti sammitdə isə sənəd imzalanması üçün dövlət başçılarına təqdim oluna bilər", - X.Xələfov vurğulayıb.

O əlavə edib ki, Azərbaycan nümayəndə heyətinin məqsədi strateji maraqlara, neft strategiyasına, mehriban qonşuluq prinsiplərinə riayət etmək olub.

Xatırladaq ki, XİN başçılarının görüşünün yekununda 20 ildir üzərində işlənilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın mətni üzrə hazırlığı, faktiki olaraq, başa çatdırmaq mümkün olub.