Millətini, dövlətini sevən olimpiya çempionu


İdman 06 Dek 2017 17:51:00 298 0

Millətini, dövlətini sevən olimpiya çempionu

Elnur Məmmədli Azərbaycanlı cüdoçudur. 2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. İkiqat Avropa Çempionudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə 29 avqust 2008-ci ildə Şöhrət ordeni ilə təltif edilmişdir.

Elnur Məmmədli 29 iyun 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Polis Akademiyasına daxil olmuşdur.

E.Məmmədli ilk uğurlarını Dünya Kuboku və Qran Pri yarışlarında qazanmışdır. O, Beynəlxalq yarışlarda ilk dəfə 2006-cı ildə uğur əldə etmişdir. Finlandiyanın Tampere şəhərində keçirilən  Avropa Çempionatının finalında Fransalı Daniel Fernandesi məğlub edərək çempion oldu.

Elnur Məmmədli Dünya Çempionatında ilk və yeganə medalını 2007-ci ildə Braziliyada qazandı. Rəqiblərini bir-bir üstələsə də finalda Cənubi Koreyalı Vanq Ki-Çuna uduzan gənc idmançı gümüş medala layiq görülüb.

E.Məmmədli 2011-ci ildə Türkiyənin İstanbul şəhərində Avropa Çempionatında iştirak etdi.

O finala gədər bütün rəqiblərinə qalib gəldi. Həlledici görüşdə maldovalı Sergey Toma qalib gələrək ikinci dəfə Avropa Çempionu adını qazandı.

2008-ci ildə ilk dəfə Yay Olimpiya Oyunlarında iştirak edən Elnur qüvvəsini 73 kq çəki dərəcəsində sınadı. 1/16 finalda Belçikalı Dirk van Tiçeltlə qarşılaşan idmançımız ipponla qalib gəldi. Növbəti mərhələdə belaruslu Konstantin Semenovu da ipponla məğlub edib, 1/4 finalda Koreya Xalq Demokratik Respublikasının nümayəndəsi Kim Çol-Su idi. Bu qarşılaşmada da Elnur qalib gəlib yarımfinala adladı. Yarımfinalda İran güləşçisi Əli Maloumatı ipponla məğlub edən Elnur Məmmədli finalda Cənubi koreyalı Vanq Ki-Çunla qarşılaşdı. İkiqat dünya çempionunu 13 saniyəyə ippona salan həmyerlimiz Olimpiya Çempionu adını qazandı.

Elnur Məmmədli 2012 Yay Olimpiya Oyunlarının Açılış mərasimində 27 iyulda Azərbaycan komandasının bayraqdarı oldu.  2012 Yay Olimpiya Oyunlarından sonra pəşəkar karyerasını başa vursa da onun qazandığı nailiyyətlər idmanımızın tarixinə qızıl hərflərlə yazılıb.

Elnur Məmmədli 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti təyin edildi.

Elnurun uşaqlığı Bakıda keçib. Uşaqlıqda çəkisi 27 kq olan cılız bir uşaq olub. İdmana səkkiz yaşında baçlayıb. Qəribədir ki, idmana anasının təkidi ilə başlayıb, axı, adətən analar bəs, birdən yıxılar, başı-gözü əzilər qorxusu ilə övladlarını idmandan uzaq tutmağa çalışırlar.

O vaxt Cüdo üzrə respublika məktəbində ilk məşqlərə başlayıb. Elnur həmin məktəbin yetirməsidir. İlk müəllimi Yaşar Allahverdiyev olub. Yaşar müəllim onu görəndə dediyi ilk söz belə olub: “Sən Olimpiya çempionu olacaqsan”. Təcrübəli məşqçi şagirdini ilk gündın bu istiqamətə yönəldib. Çünki, idmançının psixoloji cəhətdən yarışa hazır olması artıq qələbə deməkdir. Elnur ailədə elə tərbiyə almışdı ki, uşaqlıqdan millətini, dövlətini qəlbən sevirdi. Yəni, çox vətənpərvər insandır. Onun yanında mənsub olduğu millətə qarşı heç kim artıq-əskik danışa bilməzdi.

O, uşaqlıqdan ictimai fəallığı ilə seçilib. Uğurlu insanlara baxa-baxa, onlardan nəsə götürərək böyüyüb. Cismən cılız olsa da canında həvəs, istək var idi. Bunu da müəllimi görür, hiss edir, daha çox, daha ciddi məşğul olurdu. Onun motivasiyası, dəstəyi Elnura ruh verirdi. Elə buna görə də 2003-cü ildə Ankarada keçirilən yarış qabağı xəstələnməyinə baxmayaraq yarışa çıxıb və  birinci yeri qazanıb. Təbii ki, insanın özünün malik olduğu mənəvi resurslar onun yarışa psixoloji olaraq hazırlaşmasında mütləq rol oynayır.

Elnur cüdoya elə möhkəm tellərlə bağlanıb ki, digər hər hansı idman növünü onun kimi sevə bilmir. Ona görə də  məğlubiyyətin acısını dadanda heç vaxt ruhdan düşmür, daha böyük şövqlə xalça üzərində onu gözləyən yeni mübarizələrə hazırlaşır. Bu istək, bu inam onu daim qələbəyə doğru aparır.

İdman zədəsiz olmur. Elnur da bir neçə dəfə zədələnib. 2005-ci ildə zədəsinə görə dizindən əməliyyat olunub. Amma ruhdan düşməyib, daha böyük həvəslə toparlanıb, yarışlara can atıb.. Həmin vaxt üzvü olduğu komandanın baş məşqçisi Ağayar Axundzadə idi.

Sağ olsun Ağayar müəllim, Elnuru yarışa aparmağa qərar verib və o, zədəli olsa da ikinci yeri qazanmağı bacarıb.

Ölkəmizdə Avropa Oyunları keçirilən zaman Elnur yarışlarda iştirak etmək üçün var gücü ilə səy göstərirdi. Aldığı ağır zədə yarışa qatılmağa imkan vermirdi. İlk dəfə olaraq estafeti ölkəmizdə götürən Avropa Oyunlarında iştirak etməyi, o, böyük şərəf sayırdı və bu şərəfdən kənarda qalmaq istəmirdi. Həkimlər isə ona icazə vermirdilər. Elnurun istəyini, həvəsini görən məşqçi ona hazırlaşmağa icazə verir, lakin zədə dərhal özünü göstərir və Elnurun bu böyük arzusu ürəyində qalır. Beləcə zədə Elnurun idman karyerasına mənfi təsir edir.

Lakin həyatın belə zərbələri Elnuru sındırmır. O deyir ki, yarışlarda 8 yaşımdan iştirak edir. 2006-cı ildə böyüklər arasında Avropa çempionatında iştirak edib, çətin rəqiblərlə qarşılaşıb və qalib gəlib. Hətta özündən 12 yaş böyük Daniel Fernandes adlı idmançıya qalib gəlib. Və həyatda ən böyük arzusuna- Olimpiya çempionu adını qazanmağa nail olub.

Olimpiya çempionumuz ötən günləri yaddan çıxarmır. Ən kiçik yarışlardan tutmuş beynəlxalq turnirlərə qədər keçdiyi yolu tez-tez xatırlayır. 2007-ci idə Braziliyada keçirilən lisenziya yarışında özündən zəif koreyalı idmançıya uduzmağını heç cür unuda bilmir. Amma güləşin yolu hamar yox, enişli yoxuşlu olur. Ancaq sonralar Almaniyada birinci olur və dünya reytinqində birinci pilləyə yüksəlir.

Olimpiya çempiuonu qazandığı anlar Elnurun qəlbində gözəl təəssüratlarla yadda qalıb. Həmin anları Elnur belə xatırlayır: “Deməli mən Olimpiadada avqustun 11-də tatamiyə çıxırdım. Tatamiyə yaxınlaşanda başımı qaldırıb zala baxdım, insanların o coşqusunu və ən əsası cənab Prezidentin bizi izlədiyini gördüm və düşündüm ki, mən burda məğlub ola bilmərəm, uduzmağa haqqım yoxdu. Bu fikirlə tatamiyə çıxdım, 1-ci Belqrad, 2-ci Belarus, 3-cü Koreya, 4-cü İrandan olan idmançılar idi, sonuncu isə koreyalı idmançı idi. Belə oldu ki, hamısını məğlub etdim. Özümə də qəribə gələn güclü enerjim vardı, özümə inanırdım, qalibiyyəti əldən vermirdim. Həmin vaxt Mehriban xanımın (Əliyevanın) anama zəng edib təbrik etməsi məni sevindirdi, ruhlandırdı. Cənab Prezidentə və birinci xanıma təşəkkür edirəm, onların bizə dəstəyi, qayğısı, diqqəti mənim üçün fəxrdir”.

Elnurun düşüncəsinə görə o qədər ölkənin arasında sənin himnin səslənir, bayrağın dalğalanır.., bu hissləri anlamaq, dərk etmək lazımdır. Nadan, paxıl insanlar bunu anlamaz. Hər bir ölkənin vətəndaşı öz bayrağı ilə fəxr etməlidir.

Güləşin də öz fəlsəfəsi var. Tatami üzərində insan neyləyə bilər?! Tatamidi və sən güləşirsən! Tatamidə güləşçiyə Allahdan başqa heç kəs kömək edə bilməz.

Bir şey aydındır ki, isti yay ayında qalın paltarlar geyinib məşq edərək tər tökən idmançılar yarışda həmişə qazanırlar, yəni qalib olurlar.

Zədədən sonra da neçə ay xəstəxanada yatmağı istər-istəməz Elnurun idman formasına mənfi təsir edir.təsir etdi. Görən, deyir ki, nə yaman kökəlmisən! Amma güləşəqayıtmağa özündə güc tapır. 2010-cu ildə Yaponiyada Böyük Dəbilqə turnirində güləşir. Dünya və Avropa çempionları ilə başabaş yarışıb 5-ci yerə çıxır. Sonra İstanbulda, 2011-ci ildə Avropa çempionatında birinci olur. Daha sonra 2011-ci ildə Azərbaycanda World Master yarışı keçirilir və birinci yeri Elnur Məmmədli qazanır. Həmin yarış 2012-ci ildə isə Qazaxıstanda keçirildi və yenə birincilik idmançımıza qismət olur.

Cüdo məşhur idman növlərindəndir. Azərbaycanda da yetərincə məşhurdur. Bu idman növünün azərbaycanlı məşhurları arasında Elnur Məmmədli öz dəst-xətti ilə seçilir.

2010-cu ildə ailə quran olimpiya çempionunun iki gözəl balası var, qızı Arzu, oğlu Emin. Övladları barədə sevə-sevə danışan Elnur deyir ki, oğlunu gimnastikaya qoyub, amma top  qucağında yatır. Yəqin ki, futbolçu olacaq, futbola marağı çoxdur.  Qızının isə bədii gimnastika ilə məşğul olmasını istəyir. Yeri gəlmişkən, oğlu Eminlə bərabər “Qarabağ”a və “Neftçi”yə azarkeşlik edir.

Qədirbilən Azərbaycan dövləti öz vətəndaşlarını, xüsusilə xalqın məşhur övladlarını heç vaxt unutmur. Dövlətimizin diqqəti, qayğısı Elnurdan da yan keçməyib. Həmişəolduğu kimi indi də o, sevimli vətəninə, xalqına və dövlətinə inamla xidmət edir.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir