Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində


Digərləri 06 Dek 2017 17:48:42 258 0

Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində

Ölkənin lider mobil operatoru biznes və asudə üçün bir sıra texnoloji yeniliklər nümayiş etdirir.

Bakı. Hər ilin sonunda regionun və dünyanın ən son texnoloji yenilikləri BAKI EKSPO mərkəzində keçirilən Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində təqdim olunur. “Bakutel 2017” çərçivəsində həm biznes, həm də asudə üçün faydalı olan mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələri isə Azercell-in stendində sərgilənir. Azercell-dən Trend-ə verilən məlumata görə, artıq illərin adətinə çevrilmiş bu ənənə 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında da davam edir. Azercell Telekom MMC bu il “Bakutel” –in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsorudur. Azercell Telekom dörd gün ərzində “Bakutel” pavilyonunun mərkəzində yerləşən ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yenilikləri ziyarətçilərə təqdim edir. Stendin bir hissəsi yeni “Azercell Exclusive" konsepsiyasına aiddir. Bu hissədə yeni nəsil İT üzrə həll variantları, 4G və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil cihazlar nümayiş olunur. Burada sərgi ziyarətçiləri, həmçinin, Azercell tərəfindən təqdim olunan son model telefonlarla tanış olub, onları yerində test edə, məhsul, xidmətlər haqqında peşəkar təmsilçilərdən ətraflı məlumat ala bilərlər. Budəfəki “Bakutel” sərgisində Azercell öz yeni biznes həllini tam gücü ilə müştərilərin ixtiyarına verir. Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə eksklüziv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar. Azercell-in stendində ən maraqlı bölmələrdən biri son nəsil texnologiyaların nümayiş olunduğu sahədir. Burada telefonla “Bulud” texnologiyaları üzərindən idarə olunan robot ziyarətçilərin xüsusi marağına səbəb olur. Belə ki, onlar təkərlərin üzərindəki kiçik robotun asanlıqla tarazlığını saxlaya bildiyinin şahidi olurlar. Digər proqram isə qarışıq və virtual reallığın köməyilə real həyatda təhlükəsizliyin nə cür qoruna biləcəyini göstərir. Məsələn, virtual reallıq vasitəsilə fövqəladə hallarda konkret məkandan çıxış yollarını axtarıb tapmaq, digər halda isə istehsalı artırmaq üçün vizual yollar əldə etmək olar. Bu sistem, həm də, qəzadan qurtulmaq üçün yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edir, qarşıdan gələn maşın haqqında sürücüyə xəbər verir. “Smart parking” adlı digər bir texnologiya isə küçədəki kameraların köməyilə maşın üçün parklama yerinin axtarılıb tapılmasına yardım edir. “Texnologiya” bölməsində sərgilənən kiçik bir kubun – “Connected cube” köməyilə ağıllı idarəetmənin şahidi olmaq mümkündür. Ziyarətçilər kubun kənarındankı QR kodlarını telefonda skanerdən keçirməklə, həmin yerdəki temperaturu, rütubətliliyi ölçən cihazlara qoşulur, heç bir proqram yükləmədən asanlıqla bu göstəricilərin qeyd olunduğu portala keçmiş olurlar.