Nazir müavini: Bəzi işəgötürənlər işçilərə minimum aylıq əməkhaqqından da az ödəyir


Digərləri 06 Dek 2017 17:25:00 223 0

Nazir müavini: Bəzi işəgötürənlər işçilərə minimum aylıq əməkhaqqından da az ödəyir

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndələrinin iştirakı ilə “Dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması” mövzusunda seminar öz işinə başlayıb. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanla BƏT arasında çoxşaxəli fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq gündəliyinin mövcud olduğunu, ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazandığını bildirib. O, hazırkı seminarın təşkilatçısının da BƏT olduğunu qeyd edib. Nazir müavini bildirib ki, BMT-nin yeni Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci hədəf “Davamlı, inklüziv və dayanıqlı iqtisadi inkişafı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli iş imkanlarını təşviq etmək” və 10-cu hədəf “Ölkələrin daxilində və ölkələr arasında bərabərsizlikləri azaltmaq”dır. Bu hədəflərə çatmaq üçün əmək haqqının artırılması və əmək ödənişində qeyri-bərabərliyin aradan qaldırılması mühüm məsələlərdəndir: “2005-2016-cı illər ərzində ölkəmizdə minimum əməkhaqqının səviyyəsi 3,9 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 4 dəfə artıb, ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə enib. 2017-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 525,6 manat təşkil edib”. Nazir müavini bildirib ki, uğurlu təcrübə kimi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulmuş Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi muzdla işləyən işçilərin əmək və sosial müdafiə hüquqlarının reallaşdırılması ilə yanaşı, qeyri-leqal əmək münasibətlərinin qarşısının alınmasında, dövlət büdcəsinin gəlirlərinin və sosial sığorta haqlarının artmasında, həmçinin əmək bazarının təhlili üçün informasiya bazasının formalaşdırılmasında mühüm rol oynamaqdadır: “Məcmu istehlak və yığım göstəricilərinin təhlili muzdla işləyənlərin sayının və əhalinin əmək haqqı formasında gəlirlərinin real olaraq rəsmi statistik göstəricilərdən daha yüksək olduğunu göstərir. Çox təəssüflər olsun ki, bəzi işəgötürənlər vergi və sığorta ayırmalarından yayınmaq məqsədilə qeyri-rəsmi olaraq şəxsləri işə cəlb edirlər, onlara qeyri-rəsmi qaydada, bəzi hallarda isə minimum aylıq əmək haqqı məbləğindən də az əmək haqqı ödəyərək onların əmək və sosial hüquqlarını pozurlar. Bəzi işəgötürənlər isə məcburi dövlət ödəmələrindən yayınmaq məqsədi ilə faktiki olaraq işçilərlə əmək münasibətlərində olmalarına baxmayaraq, onlarla mülkü hüquqi xarakterli müqavilələr bağlamaqda davam edirlər”. İ.İsayev onu da qeyd edib ki, işəgötürənlərin bu şərtləri ilə razılaşan şəxslər bununla cari və gələcək dövr üçün dövlət tərəfindən, eləcə də işəgötürən tərəfindən əhatə olunmalı olduqları sosial təminatın bütün formalarından kənarda qaldıqlarının fərqinə varmırlar. Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını vurğulayıb: “Həmin Sərəncamla Komissiyaya ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərin Azərbaycan Prezidentinə təqdim edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanması və təsdiq edilməsi barədə müvafiq tapşırıqlar verilib. Bütün bunlar qeyd edilən məqsədlərə Azərbaycan Prezidentinin nə qədər böyük önəm verdiyinin əyani sübutudur”. İ.İsayev bildirib ki, ölkəmizdə minimum əmək haqqı məbləğinə dövlət tərəfindən vaxtaşırı baxılır və sonuncu dəfə 2017-ci ilin yanvar ayından onun məbləği 10,5 faiz artırılaraq 116 manat məbləğində müəyyən edilib. Növbəti ildən isə minimum əmək haqqı məbləğinin 12,1 faiz artıralaraq 130 manat olması nəzərdə tutulur ki, bu da ölkədə sosialyönümlü siyasətin uğurla davam etdirildiyini göstərir.