Ukrayna Ali Radasının yaxınlığındakı çadır düşərgəsinin sakini: "Biz həmişə müdafiə olunmağa hazırıq" - FOTOREPORTAJ - VİDEO


Dünya 06 Dek 2017 17:04:24 340 0

Ukrayna Ali Radasının yaxınlığındakı çadır düşərgəsinin sakini: "Biz həmişə müdafiə olunmağa hazırıq" - FOTOREPORTAJ - VİDEO

Saakaşvilinin tərəfdaşı, Odessa vilayətinin keçmiş prokuroru David Sakvarelidze çadır düşərgəsinə gəlib

Ukrayna Ali Radasının yaxınlığına etirazçılar toplaşır, lakin onların sayı 150-200 nəfərdən çox deyil.

"Report"un Ukrayna bürosunun məlumatına görə, hazırda sakitlikdir, səhnədə din xadimləri və başqaları çıxış edirlər.

Düşərgədə çadır şəhərciyinin və ya "Yeni qüvvələr hərəkatı"nın rəhbərləri yoxdur, amma Odessa vilayətinin keçmiş prokuroru David Sakvarelidze çadır düşərgəsinə gəlib.

"Düşünürəm ki, bizi Azərbaycanda da dəstəkləyirlər, axı çox yaxın xalqlarıq. Saakaşvilinin Rusiyadan pul alması barədə ittihamlara gəlincə, Arsen Avakovun yaydığı dezinformasiyanı xatırlayın, guya Yanukoviçin rusiyalı milyarderlə görüşündən olan videoda Saakaşvilinin də başı görünürdü", - D.Sakvarelidze "Report"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün axşam mitinq olacaq, məqsədlər eynidir - dövlət elitasında dəyişiklik və prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması.

"Report" həmçinin səhər saatlarında Ali Radanın yaxınlığındakı çadır düşərgəsinə hücuma cəhd edən hüquq-mühafizə orqanları əməkdaşları ilə qarşıdurmanın şahidi olan şəxslə də söhbət edib.

"Biz həmişə müdafiə olunmağa hazırıq. Əslində, bu səhər noyabrın 20-dən bəri ən böyük hücum oldu. Onlar, əsasən, diqqətimizi yayındırıb, bir çadıra yönəlirdi, elə bilirdilər Saakaşvili ordadır. Amma orada Sumı vilayətindən olan etirazçılara gecə qalmaq üçün yer vermişdik", - "Donbass" batalyonunun döyüşçüsü söyləyib.