Rusiyanın ən iri bankı Mənsimovdan pullarını tələb edir FOTO


Dünya 06 Dek 2017 12:09:00 250 0

Rusiyanın ən iri bankı Mənsimovdan pullarını tələb edir  FOTO

Rusiyanın ən iri dövlət bankı milyarder Mübariz Mənsimova məxsus olan "Palmali" şirkətinə qarşı iddia qaldırıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, hakim V.S.Biryukovanın icraatında olan iddiada "Sberbank" "Palmali"dən 10,3 milyon dollardan artıq vəsaitin ödənilməsini tələb edir.

Qeyd etmək lazımdır ki, bu, Rusiyanın ən iri maliyyə təşkilatının Mübariz Mənsimovun şirkətinə qarşı ilk maddi tələbi deyil.

Belə ki, 2015-ci ildə bank "Palmali"ni kredit öhdəliklərini yerinə yetirməməkdə ittiham edib və 214 milyon rubl vəsaitin şirkətdən alınmasını istəyib. Bu məbləğ 2013-cü ilin oktyabr ayında bağlanmış iki kredit müqaviləsinə görə borc məbləği olub.

"Sberbank"ın bəyanatında bildirilir ki, həmin müqavilələr əsasında bank "Palmali"yə ümumi məbləği 3 milyon dollar olan kredit xətləri açıb və məbləğ 2019-cu ilə kimi ödənilməli idi. Lakin borcalan öhdəliklərini "lazımınca" icra etmir. Bununla bərabər, "Sberbank" borcalanın əmlakına həbs qoyulmaqla təminat xarakterli qərarın çıxarılmasını tələb edib.

O vaxt - 2015-ci ildə, bu gün olduğu kimi, "Palmali" bu məsələ ilə bağlı hər hansı şərhdən imtina edir. Lakin aydındır ki, "Palmali"nin təchizatçılar və podratçılarla mütəmadi olaraq problemləri meydana çıxır.