Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının vəzifələri və fəaliyyət istiqamətləri müəyyənləşib


Siyasət 06 Dek 2017 11:25:06 291 0

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının vəzifələri və fəaliyyət istiqamətləri müəyyənləşib

Şuranın 15 nəfərdən ibarət tərkibi Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək

Azərbaycan Nazirlər Kabineti “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”ni təsdiq edib.

“Report”un xəbərinə görə, Şura öz fəaliyyətində Azərbaycanın Konstitusiyasını, qanunlarını, Azərbaycan Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

Şuranın əsas vəzifələri bunlardır:

1. ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək,

təkrarçılığı aradan qaldırmaq,

2. müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək,

3. fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmitexniki proqramların həyata keçirilməsinə nəzarəti təmin etmək, onların nəticələrinin və səmərəliliyinin yüksəldilməsini təmin etmək,

4. elmi-texniki tərəqqinin yeni istiqamətlərini müəyyən etmək və onların həyata keçirilməsi üçün elmi zəmin yaratmaq,

5. elmi-texniki və sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə elmi tədqiqatların aparılmasını təşkil etmək,

6. elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə köməklik göstərmək,

7. “Elmi kadrlar”, “Elmi problemlər”, “Elmi müəssisə və təşkilatlar”, “Dissertasiyalar”, “Elmi hesabatlar” və digər müxtəliftəyinatlı informasiya sistemlərini yaratmaq və onların başqa elektron sistemlərə inteqrasiyasını təmin etmək,

8. Şuranın və elmi problemlər üzrə elmi şuraların vebsaytlarını yaratmaq və onların idarə olunmasını təmin etmək,

9. elmin cari vəziyyəti haqqında bülletenlər, məlumatlar hazırlamaq, onları ictimaiyyətə və aidiyyəti qurumlara təqdim etmək,

10. Azərbaycan alimlərinin beynəlxalq layihələrdə iştirakını təşviq və təmin etmək,

11. ölkə və beynəlxalq səviyyəli elmmetrik təhlillər aparmaq və onların nəticələri əsasında müvafiq təkliflər hazırlamaq,

12. müxtəlif səviyyələrdə elmi fəaliyyətin qiymətləndirilməsi üçün müasir üsullar işləyib hazırlamaq və təsdiq etmək,

13. tədqiqatların maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq,

14. elmi fəaliyyətin stimullaşdırılması üçün təkliflər hazırlamaq.

Şuranın fəaliyyət isə istiqamətləri aşağıdakılardır:

1. ölkədə təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində fundamental və tətbiqi tədqiqatların istiqamətlərinin və əsas problemlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə tədqiqatların həyata keçirilməsinə nəzarət edilməsi,

2. elmi müəssisə və təşkilatların təklifləri əsasında elmi tədqiqat işlərinin cari və uzunmüddətli planlarının hazırlanmasının təşkil edilməsi,

3. mühüm elmi-texniki problemlərin həlli, elm və texnikanın nailiyyətlərinin geniş tətbiq edilməsi üçün vacib işlərin planlarının və kompleks tədbirlərin hazırlanması və onların təsdiq edilməsi,

4. elmi tədqiqat işlərinin icra vəziyyətinin təhlili və tədqiqatların elm sahələri və problemlər üzrə inkişafının üstün istiqamətlərinin müəyyən edilməsi,

5. əsas istiqamətlər və problemlər üzrə elmi tədqiqatların yerinə yetirilməsi və onların inkişafı ilə bağlı məsələlərin müzakirəsi,

6. elmi işlərin planlaşdırılması və əlaqələndirilməsi sahəsində dünya təcrübəsinin öyrənilməsi və tətbiqi,

7. elmi istiqamətlərə və həmin istiqamətlərə aid elmi problemlər üzrə elmi şuraların fəaliyyətinə elmi-metodiki rəhbərliyin həyata keçirilməsi,

8. elmi tədqiqatların maliyyə və maddi-texniki təminatının mənbələrinin və vasitələrinin müəyyən edilməsi.

Şura elmi tədqiqat işlərinin əlaqələndirilməsinə, ayrı-ayrı elmi problemlərə, həmçinin elmi tədqiqat işlərinin yerinə yetirilməsinin yekun nəticələrinə və onların tətbiqinə həsr olunmuş simpoziumların, konfransların, seminarların və sessiyaların keçirilməsini təşkil edir.

Şuranın qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün elmi problemlər üzrə elmi şuralar yaradılır.

Elmi problemlər üzrə elmi şuralarda konkret istiqamətlər üzrə dissertasiya mövzuları müzakirə edilərək təsdiq edilir, həmin istiqamətlərin aktual hesab edilən məsələləri müzakirəyə çıxarılır və qərarlar qəbul olunur.

Elmi problemlər üzrə elmi şuraların tərkibi müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin yüksəkixtisaslı elmi kadrlarından formalaşdırılır və Şura tərəfindən təsdiq edilir.

Şuranın 15 nəfərdən ibarət tərkibi Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Şuranın sədri Şuranın işini təşkil edəcək. Şuranın cari fəaliyyətinə rəhbərliyi məsul katib həyata keçirəcək.