Fazil Məmmədovun son çıxışı: “Əldə olunmuş müsbət nəticələrə baxmayaraq...”


Digərləri 05 Dek 2017 22:36:00 394 0

Fazil Məmmədovun son çıxışı: “Əldə olunmuş müsbət nəticələrə baxmayaraq...”

Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu işdən azad edib. Onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin olunub. F.Məmmədovun işdən azad edilməsinin səbəbləri göstərilmir. O, 17 ildir bu vəzifəni tuturdu.

Belə görünür ki, Fazil Məmmədovun vəzifədən azad edilməsi onun özü üçün də gözlənilməz olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu gün Vergilər Nazirliyinin rəsmi internet saytında nazirliyin sonuncu kollegiya iclası haqda məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda çıxış edən kollegiyanın sədri, vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov ölkə Prezidenti tərəfindən aparılan uğurlu və düşünülmüş iqtisadi siyasət nəticəsində, ölkə iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu bildirib. Nazir xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait nəticəsində Azərbaycanda qlobal maliyyə böhranlarının uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi baza formalaşdırıldığını qeyd edib.

F.Məmmədov dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində son aylar vergi orqanları tərəfindən görülən işlər barədə danışaraq bildirilib ki, vergi ödəyicilərinin iqtisadi fəaliyyət göstəricilərinin yaxşılaşması vergi daxilolmalarının təmin edilməsinə müsbət təsir göstərir. Bununla yanaşı, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar da öz nəticələrini göstərməkdədir. Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə "risklərin idarə edilməsi" sistemi kimi innovativ alətlərin uğurlu tətbiqi, iri vergi ödəyicilərində elektron auditin tətbiq dairəsinin genişləndirilməsi, vergi yoxlamalarının həyata keçirilməsinin təkmilləşdirilməsi dövlət büdcəsinin vergi gəlirlərinin artımasına müsbət təsir göstərib.

Vergilər naziri iqtisadi fəallığın artmasını xüsusi vurğulayaraq bildirib ki, 2017-ci ilin ilk 10 ayı ərzində 134 566 yeni vergi ödəyicisi (o cümlədən, 9 864hüquqi, 124 702 fiziki şəxs) qeydiyyatdan keçib. Müvafiq dövr ərzində yüksək dövriyyəyə malik 3 189 ƏDV ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb. Ümumilikdə cari ilin 10 ayı ərzində qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayından 18 028 sayda çox olub ki, bu da ümumilikdə iqtisadi dövriyyənin artmasına dəlalət edir.

F.Məmmədov qeyd edib ki, əldə olunan müsbət nəticələrə baxmayaraq, vergi orqanları 2017-ci ilin büdcə proqnozlarının tam həcmdə yerinə yetirilməsi və büdcə gəlirlərinin artırılmasının davamlılığının və sabitliyinin təmin olunması üçün mövcud vergi potensialından maksimum yararlanmalı, vergi nəzarətinin təmin edilməsi sahəsində işləri daha intensiv və səmərəli aparılmalıdır. Görülən işlərin davamı olaraq real vergi potensialının düzgün müəyyən edilməsi istiqamətində vergi qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritet kimi nəzərdə tutulur.