İradəvi təkamulün zirvəsi olan insan


Digərləri 05 Dek 2017 22:20:00 292 0

İradəvi təkamulün zirvəsi olan insan

Bismilləhir-Rahmənir-Rahim!

Əziz Peyğəmbərimizin (s) mövlud günləri yaxınlaşır. Bir Elçinin ki, bütün öncəki peyğəmbərlər (ə) bəşəriyyəti onun barəsində xəbərdar etmişlər. Bəşəriyyətə bir Rəsul (s) göndərilmişdir ki, bütün öncəki peyğəmbərlərə (ə) xas müsbətliklər onda cəm olmuşdu, özü də ən kamil səviyyədə.

Allah Təala Həzrət Peyğəmbəri (s) göndərməklə insanları haqq yola dəvət etmək, düzgün yola yönəltmək, bələdçilik etmək kimi mübarək bir vəzifəni onun üzərinə qoymuşdur. Mütəal Allah insanı digər varlıqlardan fərqli yaratmışdır. Ona əql, düşüncə, məntiq, iradə azadlığı, seçim azadlığı kimi keyfiyyətlər əta etmişdir. Allah Təala insana pisi-yaxşını, xeyri-şəri anlamaq qabiliyyəti vermişdir. Və insana bildirmişdir ki, "sən mükəlləfsən, cavabdehsən". İnsanın digər məxluqatdan fərqi bundadır.   Yaranmışın əşrəfi olan insan Heç kəs daşdan, torpaqdan, bitkidən, heyvandan "nə üçün belə etdin, elə etmədin?" - deyə soruşmur. İnsanı yaranmışın əşrəfi edən məhz budur - seçim qabiliyyəti, iradə azadlığı. Və insan Qiyamət günü etdiklərinin sorğu-sualına çəkiləcək, əməllərinə görə cavab verəcək. Zərrədək yaxşının və zərrədək pisin əvəzini görəcək insan. Özü ilə bağlı, ətrafı ilə, mühiti ilə bağlı nə etdiyinin sorğusuna çəkiləcək. Və insanın sorğu-sualı, ona çatdırılan məlumatın müqabilində olacaq.   İnsanı məlumatlandırmadan onu sorğu etmək, ona düz yolu göstərmədən mühakimə etmək Böyük Yaradanın hikmətinə zidd olardı, ədalətinə uyğun gəlməzdi. Odur ki, zaman-zaman Elçiləri göndərməklə müxtəlif qövmlərə, xalqlara, cəmlərə İlahi həqiqət çatdırılmış, hüccət tamam edilmişdir. Rəsuli-Əkrəm (s) isə bütün bəşəriyyətə göndərilmiş, Qiyamətədək halal-haramı, xeyir-şəri insanlara bəyan etmişdir.   Bütün peyğəmbərlər (ə) eyni hədəfə vurmuş, təkallahlığa dəvət etmiş, bütlərə, xəbisliklərə, pisliklərə, mənfiliklərə tapınmaqdan çəkindirmişlər. İnsanları əxlaqa, düzgünlüyə, yaxşılıqlara çağırmışlar. Nübuvvətin missiyası budur: insanları sapmaqdan qorumaq və düzgün yolu göstərmək. Və Xatəmül-ənbiya - peyğəmbərlərin sonuncusu olan Rəsuli-Əkrəm (s) bu missiyanı tamamlayır və kamala çatdırır.   Əziz Peyğəmbərimiz (s) insanın nəzəri həyatında da, əməli həyatında da bütün nöqtələri qoyur. Peyğəmbərimizin (s) dünyaya gəlişi də bu mənada xüsusi əhəmiyyət kəsb edir - bəşəriyyət sonuncu erasına - Qiyamətdən öncəki eraya daxil olur.   Tarixi şəxsiyyət Çox önəmli bir mətləbə də toxunmaq lazımdır. Rəsuli-Əkrəm (s) yeganə peyğəmbərdir ki, tarix onun mövcudiyyətini birmənalı olaraq təsdiqləyir. Yəni, bütün öncəki peyğəmbərlər (ə) barədə məlumatlar müxtəlif rəvayətlərdə, dini mətnlərdə gəlmişdir, əsasən burada tarixi mənbələrə istinad yoxdur. Qurani-Kərim onları təsdiqlədiyi üçün bütün inanclı insanlar qeyd-şərtsiz bütün öncəki peyğəmbərləri (ə) haqq İlahi Elçilər olaraq qəbul edir.   Amma iman gətirib-gətirməməsindən asılı olmayaraq, bütün insanlar Rəsuli-Əkrəmi (s) ən azı bir tarixi şəxsiyyət kimi qəbul edirlər. Hamı qəbul edir ki, Məkkə şəhərində yaşayan Abdulla adlı bir Allahpərəst insanın və Aminə adlı bir təqvalı xanımın Muhəmməd (s) adlı bir övladı dünyaya gəlir. Bütün mətləblər təsdiq edir ki, valideynləri dünyadan çox tez köçən bu mübarək insanı, babası Əbdül-Müttəlib himayəsinə götürür. Həzrətin (s) 40 yaşında ikən öz peyğəmbərlik missiyasına başlaması, 13 il Məkkədə olmazın müsibətlər şəraitində İlahi həqiqətləri insanlara çatdırması, sonra Mədinəyə hicrət edərək burada ədalət və həqiqət üzərində bərqərar olan bir İslam camiəsi qurması da məlum faktlardandır.   Bu, bir tarixdir. Mifologiya, folklor səviyyəsində, əfsanə səviyyəsində olan məsələ deyildir, tarixi gerçəkliklərdir. Sözsüz ki, bu amil də bir çoxlarının həqiqət yolunu seçməsində öz müsbət rolunu oynayır.   İlahi vəhyin əmini Həzrət Əlidən (ə) bir mübarək hədis nəql edilir: "Allah Təala Həzrət Muhəmmədi (s) aləmlər üçün çəkindirən və Quranın göndərilməsi üçün bir əmin olaraq məbus etdi (vəzifələndirdi)".   Beləliklə, mübarək hədisdə bildirilir ki, Həzrət Peyğəmbər (s) insanları, bəşəriyyəti haqq yola dəvət edən, haqqı təbliğ edən, insanları bütün eybəcərliklərdən, mənfiliklərdən, pisliklərdən çəkindirən, bu işlərin pis aqibətlə sonuclanması haqqında xəbərdar edən bir Elçidir (s). Eyni zamanda, Peyğəmbəri-Əkrəm (s) Allah əmanətinin əmini kimi tanıtdırılır. Allah Təala Qiyamətədək dəyişməyən, haqq olan sonuncu Kitabını göndərmişdir və Peyğəmbəri (s) İlahi vəhyin əmini, əmanətin qoruyucusu qərar vermişdir.   Öncə biz İlahi hikmət və ədalət mövzusuna qısaca toxunduq. Bildirdik ki, insanı kamala yetişmək üçün xəlq edən Uca Allah, ona mütləq hidayət üçün keçinməz, zəruri və kafi məlumatı çatdırmalı idi. Hətta mübarək dinimiz, bunu Mütəal Allahın bir vədəsi olaraq təqdim edir. Və insanlara çatdırılan bu məlumat, mütləq əmin vasitələrlə ötürülməlidir, əks təqdirdə yenə İlahi hikmətə zidd olardı - nə mənası var o məlumatın ki, ötürüləndə təhrif olunacaq?   Əslində peyğəmbərlərin (ə) hamısının məsumluğu da məhz bu məsələdən qaynaqlanır - İlahi kəlamı insanlara çatdıran insan, mütləq məsum - günahsız, səhvsiz, xətasız olmalıdır. Mübarək hədisdə nəql edilən "Quranın göndərilməsi üçün əmin olaraq məbus etdi" kəlməsi də bu məsələyə işarədir. Əmin - yəni, əmanətdə sadiq, hər bir halda əmanəti qoruyan, ünvanına çatdıran.   Təqva əhlinin rəhbəri Həzrət Əlidən (ə) nəql edilən digər mübarək hədisdə bildirilir: "Sübhan /vəsfedilməz, təkrarolunmaz/ olan Allah Təala Həzrət Muhəmmədi (s) Öz kərəmi, lütfü ilə onun olduğu zirvəyə çatdırdıqda, o müqəddəs vücudu (Həzrət Peyğəmbəri (s)) ən üstün, ən ali mədənlərdən əmələ gətirdi. Əkmək üçün ən əziz olan köklərdən yaratdı. ... Peyğəmbərin itrəti (Əhli-Beyti) - ən yaxşı Əhli-beytlərdəndir, şəcərəsi - ən yaxşı şəcərələrdəndir ki, hərəmdə (Məkkədə) bitib və inkişaf edib. Kərəm, şərafətli olan o şəcərə (ağac) üçün şaxələr, budaqlar var ki, ucalıq və meyvələri baxımından tükənməzdir. O Həzrət - təqva göstərənin rəhbəridir, hidayət olmuş kəsin görmə vasitəsidir. Bir çıraqdır ki, nuru parlayır, bir ulduzdur ki, işığı açıq-aydın və aşkardır... Yaşam tərzi - etidal, sünnəti - inkişaf, kəlamı - haqqı batildən ayıran, hökmü - ədlin özüdür".   Çox az mövzular tapmaq olar ki, bu cür qısalıqla belə böyük mətləblər çatdırılır. Hədisdə İmam Əlinin (ə) gözəl fəsahət və bəlağəti ilə Həzrət Peyğəmbərə (s) xas mübarək cəhətlər açıqlanır. Öncə zərif bir müqayisə aparılır. Necə ki, qiymətli daş-qaşı, qızıl-gümüşü mədənlərdən çıxarırlar, Allah Təala Peyğəmbərimizi (s) varlıq aləminin, yaradılış aləminin ən üstün, ən gözəl gizlinlərindən üzə çıxarmışdır. Peyğəmbərimizin (ə) ən nəcabətli, Allahpərəst insanların nəsəbindən seçilməsi vurğulanır. Digər tərəfdən, mühitin insanın müqəddəratında olan rolu vurğulanır; Məkkənin məxsusi bir müqəddəsliyinə işarə edilir.   Həzrət Peyğəmbərin (s) və Əhli-Beytin (ə) məqamına gəldikdə isə, burada yalnız iradəvi təkamüldən söhbət gedə bilər. Belə ki, bu mübarək insanlar Allaha edilən xalis ibadətləri, təvəkkülləri, kamala qovuşmaq səyləri sayəsində malik olduqları o üstün məqama yetişmişlər. Hədisdə işarə edilir ki, təqvada, şücaətdə, kəramətdə, mərifətdə, ürfanda, hikmətdə, şərafətdə Rəsulun (s) itrətinin tayı-bərabəri yoxdur. Və bu itrətin (Əhli-Beytin) səmərəsi də çox bərəkətli və tükənməzdir. Bu mübarək nəsil ucalıq və təqva baxımından yenilməzdir.   Birmənalı olaraq hədisdə vurğulanır ki, Rəsuli-Əkrəm (s) - müttəqilərin, təqva əhlinin rəhbəridir. Yolunu azmışlar onun nurundan məhrum olar, azğınlar onun göstərdiyi yolu görməzlər. O Həzrət (ə) - hidayət olmuşların görmə vasitəsidir. Düzgün yolu seçmişlər onun vasitəsilə, onun gətirdiyi təlim, təbliğ etdiyi dəyərlər vasitəsilə dünyaya baxarlar. Və doğru yolu görmək istəyənlər üçün Həzrət (s) - açıq-aydın yolgöstərəndir, amma azmışlar onun nurunu görməkdən məhrum olarlar.   Haqla batili ayıran Peyğəmbərimizin (s) yaşam tərzinin mötədil, "qızıl orta xətt" üzrə olması vurğulanır. Nə ifrat var burada, nə də ki, təfrit. Həyat tərzi - inkişafdır, daim tərəqqidir. Durğunluq yoxdur onun yolunu gedənlərdə. "Bu günü dünənindən fərqlənməyən bizdən deyil" - deyir dinimiz. Daima inkişaf, vücudi tərəqqi var burada. Rəsuli-Əkrəm (s) haqla batilin ayırd edilməsində heç bir məchulluq qoymamışdır. Mübarək kəlamları yaxşını pisdən seçmək istəyən üçün bir örnək, bir gerçək proqramdır. Buyurduqlarında zərrədək çaşqınlıq və sapmaq üçün zəmin olmaz. Hökmləri - açıq-aydın, ədalət üzərindədir, ədalətin özüdür. Ədalət bu hökmlərlə, bu təlimlə anınar. Təbərrük üçün Allahın Peyğəmbərindən (s) nəql edilən hədislərə nəzər salaq: Rəsuli-Əkrəm (s) buyurur: "Qiyamət günü bəndə öz yaxşı əməllərinə görə sad halda məhşər ayağına çəkilər. Bir kişi gələr və deyər: "Ey Rəbbim! Bu bəndə mənə zülm etmişdir". Bu zaman həmin bəndənin savabından götürülər və ədalət tələb edən kişinin savablarına əlavə edilər. Bu minvalla, zülm etdiyi insanlar bir-bir gəlib öz haqlarını tələb edərlər. Axırda, bəndəyə bir savab və xeyir əməl də qalmaz. Bundan sonra kim gəlib öz haqqını tələb etsə, onun günahlarından götürülüb həmin bəndənin günahlarına artırılar. Beləliklə, bəndə cəhənnəm oduna daxil olanadək insanların haqqı ondan götürülər".   "Heç kəs qonaqların xatirinə özünü imkanından artıq zəhmətə salmamalıdır".   "Qardaşının söz və əməllərində bir üzr axtar və əgər tapmasan, özün bir üzr düzəlt".   "Allaha sanki Onu görürsənmiş kimi ibadət et. Çünki, sən Onu görməsən də, O ki, səni görür".   "Kim Allahı narazı edən bir işi görməklə hansısa rəhbəri razı salsa, Allahın dinindən çıxmışdır".   "Allah Təala asta səsi sevər və uca səsə (qışqıra-qışqıra danışmağa) nifrət edər".   "Kim məzlumun haqqını zalımdan alarsa, cənnətdə mənə dost və yoldaş olar".   Allahın Peyğəmbəri (s): "Allahın Peyğəmbəri (s): "Rəbbiniz buyurur: "Ey Adəm övladı! Özünü Mənim ibadətimə həsr et ki, sənin qəlbini ehtiyacsızlıq, əllərini də ruzi ilə doldurum. Ey Adəm övladı! Məndən uzaqlaşma ki, qəlbini yoxsulluq və əllərini çətinliklə dolduraram"". "Alimə baxmaq - ibadətdir, ədalətli rəhbərə baxmaq - ibadətdir, ata-anaya mehriban və qayğıkeş baxış - ibadətdir. Allaha xatir sevdiyin qardaşa baxmaq - ibadətdir".   Allahın Peyğəmbəri (s) ağıllıları təsvir edərkən, buyurub: "Başqalarının azacıq yaxşılıqlarını çox sayar, özlərinin çox yaxşılıqlarını az bilərlər".   "Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə, camaatla da o cür rəftar etsin".   Allah Təala həqiqətən Rəsuli-Əkrəmlə (s) olanlardan, onunla yaşayanlardan, onun irsini yaşadanlardan qərar versin bizləri və bütün inanc əhlini, inşəallah!   Allahım! Bizləri və bütün İslam camiəsini İlahi dəyərləri yaşadanlardan qərar ver! Allahım, müqəddəs torpaqların tezliklə azad olmasını, çətinlikdə olanların müşküllərinin həll olmasını, xəstələrin şəfa tapmasını, əsirlikdə olanların azad olmasını, kasıb və ehtiyaclıların firavanlığa qərq olmasını, zülmün aradan getməsini nəsib et! Allahım, dünyadan köçənləri Öz lütfün ilə bağışla! Allahım, bu mübarək bayram xatirinə Vətənimizin və bütün müqəddəs Darül-İslam torpaqlarının üzərinə əmin-amanlığı və təhlükəsizliyi nazil et! Öz Höccətin olan Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsi tofiqini Yer üzünə inayət et! Amin!   Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof