İnsanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, nə etməlidir?


Digərləri 05 Dek 2017 22:15:00 294 0

İnsanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, nə etməlidir?

Cəfəri məzhəbinə əsasən, özü müctəhid olmayan və ehtiyata əməl etməyən şəxs mütləq şəriətdə nəzərdə tutulmuş şərtlərə cavab verən bir müctəhidə təqlid etməli, yəni şəriət hökmlərini həmin müctəhidin fətvaları əsasında yerinə yetirməlidir. Təqlid edilən müctəhid diri olmalıdır. Yəni bir insan dünyasını dəyişmiş bir müctəhidə təqlid etməyə başlaya bilməz. Amma əgər müctəhidin sağlığında insan ona təqlid edibsə, müctəhid dünyasını dəyişdikdən sonra da insan onun təqlidində qala bilər. Lakin bunu diri olan və mərceyi-təqlidlik şərtlərinə cavab verən başqa müctəhidin icazəsi ilə etməlidir.

Son.az islam.az-a istinadən bildirir ki, sadə dillə desək, insanın təqlid etdiyi müctəhid rəhmətə gedəndə insan axtarıb öyrənməlidir ki, hal-hazırda diri olan müctəhidlər arasında ən elmlisi və təqvalısı hansıdır. Bunu müəyyən etdikdən sonra həmin müctəhidin fətvalarını araşdırmalıdır ki, o, sağlığında təqlid edilən müctəhidin vəfatından sonra təqlidində qalmağa icazə verir ya yox. Əgər icazə verirsə, ölü müctəhidə təqlidi davam etdirə bilər. Qeyd edək ki, müasir mərceyi-təqlidlərin hamısı sağlığında təqlid edilən müctəhidin vəfatından sonra da təqlidində qalmağı caiz (icazəli) bilir.

Bunu da qeyd edək ki, bu, o zaman keçərlidir ki, insan dünyasını dəyişmiş müctəhidin hal-hazırda diri ola müctəhidlərdən daha elmli olduğunu yaxud onların elmdə bərabər olduğunu bilmiş olsun. Bu halda dünyasını dəyişmiş müctəhidin təqlidində qala bilər (diri müctəhidin icazəsi ilə). Amma əgər diri müctəhidin dünyasını dəyişmiş müctəhiddən daha elmli olduğunu yəqin bilsə, gərək diri müctəhidə təqlid etməyə başlasın.