Bakıda İƏT-ə üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin toplantısı keçirilib (FOTO)


Digərləri 05 Dek 2017 20:42:00 317 0

Bakıda İƏT-ə üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin toplantısı keçirilib (FOTO)

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı keçirilib

Bakı. “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı Bakıda keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk toplantı isə 2012-ci ildə Tehran şəhərində baş tutub. İclasda tənzimləmə, radiotezliklər, telekommunikasiya, peyk xidmətləri, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində çoxtərəfli müstəvidə əməkdaşlıq perspektivləri müzakirə olunub. Toplantıda İƏT katibliyi, Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri, Türkiyə, İran, Türkmənistan, Qazaxıstan və Tacikistanın sahə üzrə rəhbər şəxsləri iştirak edib. Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə də əməkdaşlıq etməkdədir. İclasda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İƏT-ə üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları üzrə ikinci Nazirlər Toplantısının Bakıda keçirilməsini Azərbaycanın bir sıra mühüm regional iqtisadi və infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi əldə etdiyi uğurlarla əlaqələndirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti və Bakı-Tbilisi-Qars dəmiryolu layihələrini misal göstərən nazir bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir: “Bakı-Tbilisi-Ərzurum qaz boru xətti isə 10 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Strateji əhəmiyyətli regional infrastruktur layihələrindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu dəmir yolu xətti Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı etdirilməsi ilə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına da investisiya qoyur. Bu ilin oktyabrında biz Rusiya ilə birlikdə Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün təməllərini atmışıq. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb. Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı İran İslam Respublikası ilə sıx əməkdaşlıq edirik”. Həmçinin, R.Quluzadə Ələt qəsəbəsində inşa edilən yeni Beynəlxalq dəniz limanının ölkəmizin tranzit nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətindəki əhəmiyyətini vurğulayıb.