Mikayıl Cabbarovun qazandığı etimadın sirri


Digərləri 05 Dek 2017 19:32:00 304 0

Mikayıl Cabbarovun qazandığı etimadın sirri

Azərbaycan Prezidentinin 2013-cü il 19 aprel tarixli sərəncamı ilə təhsil naziri təyin edilmiş Mikayıl Cabbarov bu vəzifədə çalışdığı illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununun yenilənməsi üçün bir çox işlər görüb.

Bu müddət ərzində görülən ən əsas işlərdən biri müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində həyata keçirilən tədbirlər - ilk dəfə olaraq, onların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması olub. Bu qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. Bu proses müəllimlərin rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, onların bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsinə, zəif müəllimləri müəyyən etməyə də imkan verib.

Ötən müddət ərzində müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində də işlər aparılıb. Bu siyasət ölkədə daha bilikli və hazırlıqlı insanların müəllim peşəsini seçməsinə stimul yaradıb. Həyata keçirilən məqsədyönlü tədbirlər yüksək nəticə göstərən abituriyentlərdə müəllim peşəsinə marağı əhəmiyyətli şəkildə artırıb. Yalnız 2017-2018-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib ki, bu da böyük nailiyyət sayıla bilər.

Təhsilin keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər ərzində ali məktəblərə qəbul imtahanı zamanı müsabiqə şərtlərini ödəyən abituriyentlərin də sayı artıb. Son 4 ildə 300-dən çox bal toplayan abituriyentlərin sayı 15.8 faizi, 400 baldan çox - 18.8 faiz, 500 baldan çox - 27.6 faiz, 600-dən çox bal toplayanların sayı isə 43.3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisinin artmasına gətirib. Müsbət dinamika bütün ixtisas qrupları üzrə müşahidə olunur.

Ötən illər ərzində yerlərdə regional təhsil idarələrinin yaradılması da təhsilin inkişafına xidmət edən addımlardan biri olub. Prezident İlham Əliyevin 24 iyul 2014-cü il tarixli "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən, regional təhsil idarələrinin yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması yönündə deyil, eləcə də digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaq.

M.Cabbarovun təhsil naziri olduğu müddətdə ölkədə 5 yaşlıların məktəbəhazırlıq qruplarına cəlbi sahəsində də əhəmiyyətli addımlar atılıb. Orta məktəblərdə dövlət hesabına məktəbəhazırlıq qruplarının yaradılması məktəbəhazırlıq təhsilinə cəlb edilən uşaqların sayının xeyli artmasına yardım edib. Qeyd edək ki, əvvəllər 5 yaşlılar məktəbə hazırlıq təhsilinə ödənişli əsaslarla cəlb edilirdilər.

Aparılan islahatlar nəticəsində dövlət hesabına məktəbəhazırlıq qrupları ilk dəfə olaraq, 2016-2017-ci tədris ilində Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində fəaliyyətə başlayıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır. Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilib.

Ölkədə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün peşə təhsili də prioritet sahə elan edilib, müasir tələblərə cavab verən və ölkənin reallıqlarına uyğun peşə təhsilinin qurulması ölkənin təhsil sistemində hədəf istiqamət kimi qəbul edilib. İslahatlların uğurlu icrasını təmin etmək üçün Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Bununla yanaşı, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını sürətləndirmək məqsədilə maraqlı tərəflərin bu işə cəlb edilməsi, onların öhdəlik və maraqlarının müəyyən edilməsi üzrə məsləhətləşmələr çərçivəsində ölkədə ilk dəfə peşə təhsili haqqında qanun layihəsinin ilkin versiyası Milli Məclisin Elm və təhsil komitəsində hazırlanıb.