SOCAR Supsa limanından xam neft ixracını artırıb


İqtisadiyyat 05 Dek 2017 14:12:40 294 0

SOCAR Supsa limanından xam neft ixracını artırıb

Yanvar-noyabr aylarında Supsadan 2,3 mln. ton xam neft ixrac edilib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Supsa limanından (Qara dəniz, Gürcüstan) 2 281 161 ton xam neft ixrac edib.

“Report” xəbər verir ki, bu həcmin 267 951 tonu noyabr ayında ixrac olunub.

Bu ilin 11 ayında Supsa limanından ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 3,1%, noyabrda isə ötən ilin noyabr ayından 2,9 dəfə artıq olub.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.