Prezident İlham Əliyev Rusiyanın rabitə və kütləvi informasiya nazirini qəbul edib - ƏLAVƏ OLUNUB


Siyasət 05 Dek 2017 11:27:36 322 0

Prezident İlham Əliyev Rusiyanın rabitə və kütləvi informasiya nazirini qəbul edib - ƏLAVƏ OLUNUB

Görüşdə Azərbaycanın tranzit imkanlarından istifadə edilərək, poçt, TASIM layihəsi çərçivəsində əməkdaşlıq məsələsi müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforovu qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və texnologiyalar sahəsində uğurla inkişaf etdiyi qeyd olunub.

Rusiyanın rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforov Azərbaycan Prezidenti İlham Əliyev ilə 2011-ci ildə Kazan şəhərində İnformasiya Texnologiyaları Parkında görüşdüklərini, o zaman Prezident İlham Əliyevin orada xatirə kitabında fəaliyyət göstərməyə başlayan şirkətlərə yazdığı ürək sözlərini məmnunluqla xatırlayıb. Nikolay Nikiforov qeyd edib ki, bu gün o, azərbaycanlı həmkarı ilə ölkəmizdə fəaliyyətə başlayan bir sıra start-up layihələri ilə də artıq tanış olub. Rusiyalı qonaq iki ölkənin texnologiya sahəsində əməkdaşlıq proqramının genişlənməsinin vacibliyini qeyd edib.

Nikolay Nikiforov XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin, 190-dan artıq şirkətin, o cümlədən Rusiya Federasiyası şirkətlərinin və eləcə də müxtəlif ölkələrin bir sıra nazirlərinin iştirak etdiyini vurğulayıb dvə bu tədbirin artıq rabitə sahəsində mütəxəssislərin ənənəvi görüş yerinə çevrildiyini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin önəmini qeyd edərək, Rusiya Federasiyasının bu tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu cür sərginin artıq ənənəvi xarakter aldığını qeyd edən dövlət başçısı bunu müasir texnologiyalarla bağlı beynəlxalq əhəmiyyətli bir tədbir kimi dəyərləndirib. Prezident İlham Əliyev Nikolay Nikiforovun ölkəmizə bu səfərinin əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Söhbət zamanı Azərbaycanın tranzit imkanlarından istifadə edilərək, poçt, TASIM layihəsi çərçivəsində əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforovu qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.