"Mavi balina" azərbaycanlı uşaqları da "udub"?


Digərləri 05 Dek 2017 11:45:00 314 0

"Mavi balina" azərbaycanlı uşaqları da "udub"?

"Mavi balina" oyunu ilə əlaqədar digər ölkələrdə kifayət qədər intihar halları baş versə də, Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən uşaqların onunla əlaqədar intihar etməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Belə oyunların uşaqların psixologiyasına zidd olduğunu vurğulayan P.Əliyev hesab edir ki, əslində, "Mavi balina"nı oyun da saymaq olmaz:" Bu, şəbəkə formatındadır və "facebook", "odnoklassik" kimi şəbəkələrdə yayılır. "Əgər bu, hansısa proqram olsaydı, onu əngəlləmək daha asan olardı. Amma bu, şəbəkə formatındadır. Ona görə də onu əngəlləmək bir qədər çətindir".

"Mavi balina"nın uşaqları təhlükəli əməllərə sövq etdiyini nəzərə çatdıran P.Əliyev qeyd edib ki, internetdə uşaqlar üçün yalnız "Mavi balina" təhlükəsi yoxdur: "İnternetdə kifayət qədər digər təhlükəli məsələlər də var. İnternetdə elə oyunlar var ki, onun haqqında yazılmır, uşaqlar ondan istifadə etmirlər, amma o, daha təhlükəlidir. Bunlarla bağlı təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac var".

Komitə rəsmisi əlavə edib ki, uşaqlar internet üzərindən gələn istənilən təhükəyə qarşı daha həssasdırlar: "Nəzərə alaq ki, uşaqlar müasir texnologiyalara daha meyllidirlər. Bu oyunları quranlar da uşaqların psixologiyasını yaxşı anlayırlar. Onlara hansı istiqamətdə təsir etməyin lazım olduğunu çox gözəl bilirlər. Burada əsas məsələ uşaqarın gözlənilən təhlükələr barədə maksimum məlumatlandırılmasıdır. Uşaqların davranışını nəzarətdə saxlanıldıqda onun gündəlik fəaliyyəti ilə bağlı təsəvvür yarana bilər. Təbii ki, intihar etmək istəyən uşağın davranışı dəyişir. Buna görə də həm məktəbdə, həm evdə, ümumilikdə cəmiyyətdə uşaqlara qarşı diqqətli olmaq lazımdır və bu uşaqların bu məsələ ilə bağlı maarifləndrilməsi lazımdır".

Komitə rəsmisi hesab edir ki, bəzən maarifləndirmə tədbiri sayılan tədbirlərin özü belə əks effekt verə bilər. Ona görə də belə tədbirlərin keçirilməsində də olduqda ehtiyatlı olmaq lazımdır: "O qədər uşaq olur ki, məlumatı oxuyur, oyunun təhlükəli olduğunu bilir, bununla belə, uşaq olduğu üçün oyunun sonunun necə olduğunu öyrənmək üçün yenə də oraya daxil olur. Oyunu da elə adamlar hazırlayırlar ki, psixoloji cəhətdən uşağı ələ ala bilirlər. Mən bu yaxınlarda narkotiklərlə bağlı sosial çarxa baxmışdım. Orada narkotik necə hazırlanır, şprisə necə yığılır - onunla bağlı hər şey ətraflı izah olunur. Guya sosial çarxın mənası odur ki, uşaqları narkotikdən yayındırsın. Amma onu uşaqlara elə göstərirlər ki, bunu hətta reklam kimi də qəbul etmək olar".