Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesi tam elektronlaşdırılıb


İqtisadiyyat 05 Dek 2017 10:45:31 277 0

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesi tam elektronlaşdırılıb

Dövlətə məxsus bütün növ əmlakları internetlə özəlləşdirmək mümkün olacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi prosesini tam elektronlaşdırıb.

Bu barədə “Report”a Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər elektron yolla yalnız dövlətə məxsus nəqliyyat vasitələrini və avadanlıqları özəlləşdirmək mümkün idisə, bundan sonra kiçik dövlət müəssisələrini və obyektlərini, qeyri-yaşayış və torpaq sahələrini, səhmdar cəmiyyətlərin səhm paketlərini də internetlə əldə etmək mümkün olacaq.

“Prosesin tam elektonlaşdırılması o demək deyil ki, Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daha hərrac keçirilməyəcək. Hərracı canlı şəkildə izləmək istəyənlərə bu imkan yenə də yaradılacaq. Sadəcə artıq bütün növ əmlaklar üzrə elektron qaydada sifariş göndərmək, hərracda internetlə iştirak etmək, yəni prosesi onlayn rejimdə izləmək mümkündür”, - deyə o, bildirib.

Qeyd edək ki, sabah ƏMDK yanında yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 ünvanında) “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: rasionallıq və şəffaflıq” mövzusunda ictimai təqdimat keçiriləcək. Tədbirdə “Dövlətə məxsus əmlakların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olacaq və bu proses əyani şəkildə nümayiş etdiriləcək.