"Roma"nın çalışdırıcısı: “Qarabağ” Madriddəki matçda “Atletico”ya qarşı yaxşı oyun nümayiş etdirmişdi


İdman 04 Dek 2017 20:10:00 307 0

"Roma"nın çalışdırıcısı: “Qarabağ”  Madriddəki matçda “Atletico”ya qarşı yaxşı oyun nümayiş etdirmişdi

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Roma” – “Qarabağ” matçından öncə ev sahiblərinin baş məşqçisi Eysebio di Françesko mətbuat konfransı keçirib. Goal.az xəbər verir ki, gənc mütəxəsis media mənsublarının suallarını cavablandırıb. 

- Perotti və Nainqqolan “Qarabağ”la oyuna hazırdı?

- 100 faiz. Hər ikisi sabahkı matçda meydana çıxacaq. Yalnız Kolarovun durumunu nəzərə alacağıq. O, son matçda çox yorulub. Bununla belə, yəqin ki, Kolarov da “Qarabağ”a qarşı oynayacaq.

- Digər görüşdə “Atletico”nun hansı nəticəyə imza atması sizi narahat edirmi?

- Biz yalnız öz oyunumuz haqda düşünürük. Futbolçulara həmişə deyirəm ki, çempionatda və Çempionlar Liqasında taleyimiz özümüzdən asılı olmalıdı. Yalnız bu halda hansısa uğura imza atmaq olar.

- “Qarabağ”la oyundan nə gözləyirsiz?

- İlk dəqiqələrdən öz oyun mentalitetimizi göstərməli, hücum futbolu sərgiləməliyik. “Qarabağ”a nəfəs almağa imkan verməməyə çalışacağıq. Amma onu da qeyd edim ki, qarşımızda özünü yaxşı tərəfdən göstərən komanda olacaq. “Qarabağ” xüsusən Madriddəki matçda “Atletico”ya qarşı yaxşı oyun nümayiş etdirmişdi. Bu, “Chelsea”nin ilk turda Londonda çoxlu qol vurduğu “Qarabağ” deyil. Bununla belə, öz oyunumuzu göstərə bilsək, azərbaycanlıları məğlub edəcəyik.

- Komandanızda nə dəyişib?

- Bu, həqiqətdi ki, çox şey dəyişib. Bakıdakı kimi, yenə “Qarabağ”a qalib gəlməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq.

- Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi?

- Bu suala “Qarabağ”la matç bitəndən sonra cavab vermək olar. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam. Sabah da, gələcəkdə də bu cür davranacam.