Rusiyada azərbaycanlı biznesmeni öldürdülər: qatili kimdir?


Kriminal 04 Dek 2017 17:24:00 233 0

Rusiyada azərbaycanlı biznesmeni öldürdülər: qatili kimdir?

Noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda biznes fəaliyyətilə məşğul olan 1981-ci il təvəllüdlü Xanbaba Fərman oğlu Nərimanovu qətlə yetirməkdə şübhəli bilinən şəxsin Azərbaycanda gizləndiyi ehtimal olunur.

Mİlli.Az xəbər verir ki, bu barədə modern.az-a X.Nərimanovun yaxınları məlumat verib. Qeyd edək ki, şübhəli şəxsin Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Fariz Mübariz oğlu Hüseynov olduğu bildirilir. Qətlə yetirilən Xanbaba Nərimanov 2008-ci ildən Rusiyada biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. O, Rusiyanın Kaluqa vilayətində qeydiyyatda olub. Qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Fariz Hüseynov 2013-cü ildən etibarən Xanbaba Nərimanovun yanında çalışıb. Bütün işlərinin qaydasında getdiyi deyilən X.Nərimanovun hansı səbəbdən öldürüldüyü müəyyən deyil. Əsas səbəb kimi son vaxtlar X.Nərimanovun F.Hüseynovun işindən narazı qalması göstərilir. Bundan sonra aralarında mübahisə yaranıb. Fariz Xanbabaya bıçaqla xəsarət yetirib. Sonra onun cəsədini avtomobilinə qoyaraq Naro-Fominsk rayonundakı xəstəxananın qarşısına gətirib və oradan qaçıb.

Ürəyindən bıçaq yarası alan Xanbaba Nərimanovun həyatını xilas etmək mümkün olmayıb. 2008-ci ildən həyat yoldaşı, övladları ilə birlikdə Rusiyada yaşayan və orada biznes fəaliyyətilə məşğul olan X.Nərimanov qətlə yetirildikdən sonra, ailəsi Azərbaycana qayıdıb. Hazırda Sumqayıtda yaşayırlar.  X.Nərimanovun meyiti doğulduğu Sumqayıt şəhərinə gətirilərək dəfn edilib. F.Hüseynov da ailəsilə birlikdə Rusiyada yaşayırmış. F.Hüseynov qaçdıqdan sonra onun da ailə üzvləri Rusiyadan Azərbaycana qayıdıb. Qeyd edək ki, F.Hüseynov Şirvan qeydiyyatındadır.