Vergi islahatları ABŞ iqtisadiyyatına bir neçı trilyon dollar qazandıracaq


İqtisadiyyat 04 Dek 2017 15:37:08 270 0

Vergi islahatları ABŞ iqtisadiyyatına bir neçı trilyon dollar qazandıracaq

Digər ölkələrin valyutaları kəskin ucuzlaşa bilər

ABŞ Senatı tərəfindən dekabrın 2-də təsdiqlənən vergi islahatlarına dair qanun layihəsinin yaxın günlərdə Konqresdə təsdiqlənərək ABŞ Prezidentinin imzasına göndəriləcəyi gözlənilir. "Report"un "Interfax" agentliyinə istinadən verdiyi xəbərə görə, yeni qanunla Amerika korporasiyaları xaricdə qazandıqları vəsaitləri çox cüzi faizlə ölkələrinə geri qaytara biləcək.

Qeyd edək ki, yeni qanunun qüvvəyə minməsindən sonra kapitalın repatriasiyası üçün faiz həddi 14,5% səviyyəsində müəyyən edilib. Bununla yanaşı, şirkətlərin mənfəət vergisi 35%-dən 20% və ya 22%-ə endiriləcək. "The New-York Times" qəzetinə görə, güzəştlər nəticəsində yerli biznes əlavə olaraq 500 mlrd. dollar həcmində əlavə maliyyə mənbəyi qazanacaq. Araşdırmalar göstərir ki, ABŞ şirkətləri xarici hesablarda 3 trln. dollara yaxın vəsait saxlayır. Məsələn, "Apple"ın xarici banklarda 252 mlrd. dollar, "Pfizer"in 22 mlrd. dollar vəsaiti var. ABŞ-ın çox sayda texnologiya və əczaçılıq şirkətlərinin xaricdə iri hesabları var.

Repatriasiya nəticəsində xaricdə olan Amerika biznesinin ABŞ iqtisadiyyatına əlavə investisiyalar ötürə və ya səhmdarlarına dividendlər ödəyəcəyi gözlənilir.

"Report"un analitik qrupu bildirir ki, Amerika şirkətlərinin xaricdə olan vəsaitlərini ABŞ-a geri qaytarması qlobal valyuta bazarı üçün ciddi təhlükə yaradacaq. Belə ki, biznesin xeyli vəsaiti digər valyutalarda yerləşir və avro, İsveçrə frankı, Yaponiya yeni və s. valyutada olan bu vəsaitin cüzi bir hissəsi dollara konvertasiya olunarsa, bu, qlobal valyuta bazarında çaxnaşma yarada, bu ölkələrin valyutalarını kəskin ucuzlaşdıra bilər.