Əsgərin ölümündə təqsirləndirilən gizirə 3,6 il həbs cəzası verildi


Digərləri 04 Dek 2017 15:26:00 259 0

Əsgərin ölümündə təqsirləndirilən gizirə 3,6 il həbs cəzası verildi

Bu gün Şirvan Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Paşayevin ölümündə təqsirləndirilən gizir Ramin Bayramovun barəsində olan Füzuli Hərbi Məhkəməsinin bəraət hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, prosesdə şikayət araşdırılıb və Füzuli rayon Məhkəməsinin hökmü ləğv edilib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə gizir R.Bayramov təqsirləndirilən şəxs qismində cəlb edilərək 3 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, 30 iyul 2016-cı il tarixdə saat 12:50 radələrində mərhum əsgər Paşayev Pərviz Paşa oğlu xidmət etdiyi bölmənin əsgərləri ilə birlikdə üzərlərində böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlunun göstərişinə əsasən, Beyləqan şəhərindən keçən Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirərək kanala düşüb və suda boğularaq ölüb.

Faktla bağlı Füzuli rayon Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P.Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib. Mərhum əsgər P.Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə, onun ölümünə səbəb suda boğulması olub.

İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 2 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli rayon Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.