Anar Ələkbərov: "Heydər Əliyev irsinin tədqiqi bölgələrdəki Heydər Əliyev Mərkəzlərinin əsas fəaliyyət istiqamətləri olmalıdır" FOTO


Digərləri 04 Dek 2017 15:04:00 448 0

Anar Ələkbərov: "Heydər Əliyev irsinin tədqiqi bölgələrdəki Heydər Əliyev Mərkəzlərinin əsas fəaliyyət istiqamətləri olmalıdır"  FOTO

Heydər Əliyev Mərkəzinin "Heydər Əliyev irsi: elmi-praktik seminarlar" layihəsi çərçivəsində növbəti seminar dekabrın 4-də Masallı rayonunda keçirilib.

Son.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, budəfəki seminar "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası" mövzusunu əhatə edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov 2014-cü ildən etibarən keçirilən elmi-praktik seminarlar layihəsi çərçivəsində bir sıra maraqlı mühazirələrin oxunduğunu, ölkəmizin tanınmış ziyalılarının, alimlərinin ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti haqqında danışaraq ictimaiyyəti, xüsusilə də gəncləri ulu öndərin xidmətləri haqqında yeni faktlarla tanış etdiklərini bildirib. "Çox xoşdur ki, bizim bu layihə paytaxtımızdan kənarda, ilk dəfə olaraq Masallıda keçirilir.

Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, tədqiqi və hərtərəfli inkişaf etdirilməsi bölgələrdə fəaliyyət göstərən hər bir Heydər Əliyev Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil etməlidir və edir", - deyə Anar Ələkbərov qeyd edib. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrildiyini deyən Anar Ələkbərov xalqımızın milli ideya ətrafında birləşməsi, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması prosesinin Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiyini bildirib.

Anar Ələkbərov Heydər Əliyev irsinin tədqiqi və daha geniş auditoriyada təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 2015-ci ildən etibarən Heydər Əliyev Mərkəzi tərəfindən müxtəlif qurumların tərkibində Heydər Əliyev məktəblərinin yaradıldığını da qeyd edib. Ötən müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeritetində "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi", Masallı rayonunda "ASAN Həyat" kompleksinin nəzdində "Heydər Əliyev İncəsənət Məktəbi" yaradılıb. Bugünkü məşğələnin də canlı telekörpü vasitəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində ümumilikdə 800-dən çox iştirakçı tərəfindən izlənildiyini deyib.

Anar Ələkbərov, həmçinin 2014-cü ildə Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda ümumrespublika bilik yarışının təşkil edilməsi ilə gözəl ənənənin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, bugünədək ardıcıl keçirilən yarışlarda iştirak edən, mövzuya maraq göstərən tələbələrin sayının ildən-ilə artması, gənclərin bu bilik müsabiqəsinə həvəs göstərməsi sevindirici haldır.

"Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqillik illərində iqtisadiyyatın inkişafına böyük önəm verirdi. Ümmumilli liderin fikrincə, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir və istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur", - deyən Anar Ələkbərov Heydər Əliyevin bu sahədəki xidmətləri barədə ümummilli lider Heydər Əliyevlə uzun illər çiyin-çiyinə çalışmış iqtisadçı-alim, akademik Ziyad Səmədzadənin mühazirəsinin əhəmiyyətli olacağını bildirib.

Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə mühazirəsində Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açıb. Bildirib ki, Sovet İttifaqına daxil olan müttəfiq respublikaların rəhbərləri bir qayda olaraq ittifaq tərəfindən müəyyən edilən "oyun qaydaları" əsasında fəaliyyət göstərirdilər. Hər bir mühüm məsələ SSRİ dövlətinin nəzarətində idi. Lider kimi fəaliyyət göstərmək üçün çoxlu məhdudiyyətlər var idi. 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev də bütün bu məhdudiyyətlərlə, çətinliklərlə üzləşməli oldu. Üstəlik də respublika iqtisadiyyatında sözün əsl mənasında ağır vəziyyət yaranmışdı: bütün əsas sosial-iqtisadi göstəricilərə görə Azərbaycan ittifaqda axırıncı yeri tuturdu. Heydər Əliyev ilk növbədə iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, risklər edərək bir sıra təşkilati tədbirlər həyata keçirdi. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və qısa vaxt ərzində Sovet hökumətinin Azərbaycan Respublikasının inkişafına dair xüsusi qərarın qəbul edilməsinə nail oldu. Milli gəlir, sənaye, kənd təsərrüfatı məhsulları istehsalındakı 60-cı illərdəki gerilik aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi üçün xeyli iş görüldü.

Akademikin sözlərinə görə, Heydər Əliyev qəti qərara gəlmişdi ki, respublika iqtisadiyyatının uzaq gələcəyə yönələn inkişafı elmi-texniki tərəqqini müəyyən edən sahələrin daha üstün inkişafından çox asılı olacaq. Bu strateji xətti həyata keçirmək üçün Heydər Əliyev titanik fəaliyyət göstərdi, ciddi maneələrin aradan qaldırılmasına nail oldu. 1976-cı ildə Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda sənayenin təkmilləşməsinə dair çox mühüm sənədi qəbul etdilər. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan sənayesinin inkişafı tarixində mühüm rol oynayan bu proqramın uğurla reallaşması üçün böyük təşkilati iş aparıldı. Nəticədə sənayenin vacib proporsiyaları xeyli yaxşılaşdı, yeni tipli sənaye müəssisələri, istehsal sahələri istifadəyə verildi, on minlərlə yeni iş yeri yaradıldı, sənayenin ixrac potensialı xeyli artdı, istehsalın mədəni-texniki səviyyəsi yüksəldi.

1976-1980-ci illərdə Azərbaycan sənayedə məhsul istehsalının artımına görə SSRİ-də birinci yerə çıxdı. Sənayenin strukturunda maşınqayırma və metal emalı sənayesinin payı 1965-ci ildəki 10%-dən 16,3%-ə qalxdı. Elmi-texniki tərəqqini müəyyən edən sənaye sahələrində istehsalın həcmi əvvəlki onillikdəki səviyyəyə nisbətən 2,4 dəfə artdı. 70-ci illər Azərbaycan tarixinə, sözün əsl mənasında, sənayenin intibah dövrü kimi daxil oldu.

Ziyad Səmədzadə qeyd edib ki, XX əsrin əvvəllərində, istərsə də sovet hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatında əsas rolu neft sənayesi oynayırdı. Heydər Əliyev iqtisadiyyatın maddi texniki bazasında yaranmış geriliyin aradan qaldırılması, qeyri-neft sahələrinin üstün inkişafının təmin edilməsi üçün əsaslandırılmış təkliflər hazırladı. 1971-1975-ci illərdə respublika iqtisadiyyatına 1966-1970-ci illərdəkindən 30% çox vəsait qoyuldu. 64 iri sənaye müəssisəsi istifadəyə verildi.

Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə bağlı müəyyən etdiyi strategiyada aqrar sektor xüsusi yer tuturdu. 60-cı illərdə Azərbaycan kəndində əhalinin yarısı yaşayırdı, kənd təsərrüfatında istehsal olunan milli gəlir də böyük çəkiyə malik idi. 1971-1975-ci illərdə 1966-1970-ci illərə nisbətən məhsul istehsalı 34% artdı, bir sıra vacib sahələrdə yüksək göstəricilərin əldə edilməsinin möhkəm təməli yarandı. 1976-1980-ci illərdə Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun artımına görə ittifaqda birinci yerə çıxdı.

Akademik bildirib ki, 70-ci illərdə Azərbaycan iqtisadiyyatının inikşafı ilə bağlı göstəriciləri tarixi inkişafın ayrı-ayrı dövrləri ilə müqayisə etdikdə, birmənalı olaraq bu nəticəni çıxarmaq olar: Azərbaycanın 1969-1985-ci illəri əhatə edən dövründə iqtisadiyyatda yüksək artım sürəti təmin edilmiş, onun keyfiyyət göstəriciləri əsaslı surətdə yaxşılaşmışdı ki, bütün bunlar da müstəqil Azərbaycanın iqtisadi bazasının formalaşması və inkişafında müstəsna rol oynamışdı.