Yanğınlarla bağlı "Azərişıq": Elektrik xətlərini ixtisası olmayan şəxslər çəkir


Digərləri 04 Dek 2017 14:12:41 276 0

Yanğınlarla bağlı "Azərişıq": Elektrik xətlərini ixtisası olmayan şəxslər çəkir

Bakıda inşa edilən hündürmərtəbəli yaşayış binalarında baş verən qısaqapanmalara görə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) məsuliyyət daşımır.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, həmin binaların daxili xətlərini "Azərişıq" ASC çəkmir: "Binalar inşa olunmazdan əvvəl binanı inşa edəcək şirkətlər "Azərişıq"dan texniki şərt alırlar. Tikinti prosesində isə binanın daxili kabellərini, elektrik xətlərini özləri çəkirlər. Bu prosesdə onlar "Azərişıq" ASC-nin mütəxəssislərindən istifadə etmirlər. Məsələn, hansısa bina inşa olunarkən elektrik xətlərinin çəkilməsində kabelin gücü, davamlılığı barədə müraciət olunmur. Elə vaxtlar olur ki, standartlara cavab verməyən kabel və naqillərlə elektrik xətti çəkilir və xətlər sonra yoxlanılmır. Elə binalar var ki, həmin binalara hətta aliminium naqillərlə elektrik xətti çəkilir. Sonda bina istismara verilən ərəfədə "Azərişıq" həmin binaya baxış keçirir, sayğaclar quraşdırır. Binanın daxilində çəkilən, suvaq altında qalan kabel və naqilləri yoxlaya bilmirik. Şirkətin işinə isə müdaxilə edə bilmirik. Nəticədə də həmin binalara çəkilmiş elektrik xətləri təhlükəli olur".

T. Mustafayev bildirib ki, bəzi yeni inşa olunan yaşayış binalarında qaz xətti olmadığından mənzil sahibləri elektrik qızdırıcılarından istifadə edirlər: "Elə binalar var ki, bina hazır olmamış aşağı mərtəbələrdəki mənzil sahibləri evlərinə köçürlər. Təmir başa çatmadığından həmin ev sahibləri elektrik qızdırıcılarından da istifadə edirlər ki, bu da xətləri yükləyir. Tədricən xətlər sıradan çıxır və qısaqapanma baş verir".