Direktor: Uşaq Bərpa Müalicə Mərkəzinə gətirilən 1 yaşına qədər uşaqların sayı artıb


Sosial 04 Dek 2017 11:30:51 347 0

Direktor: Uşaq Bərpa Müalicə Mərkəzinə gətirilən 1 yaşına qədər uşaqların sayı artıb

Cəmilə Talıbova: "Uşaq serebral ifliclə bağlı müraciətlər daha çox olur"

"Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzinə bu günə kimi ilkin gəlişlərin sayı 1798, prosedur gəlişlərin sayı isə 36 280 nəfər təşkil edib".

"Report" xəbər verir ki, bunu mərkəzin direktoru Cəmilə Talıbova deyib.

Onun sözlərinə görə, mərkəzə bərpa müalicəsinə ehtiyacı olan 18 yaşına kimi xəstələr sahə poliklinikaları tərəfindən göndərilirlər: "Burada uşaqlar xüsusi prinsiplər əsasında çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Hər bir pasiyent üçün onun yaşı, xəstəliyin ağırlıq dərəcəsi, yanaşı xəstəlikləri nəzərə alınmaqla il ərzində 3-6 mərhələdə fərdi reabilitasiya kursu tətbiq olunur".

O qeyd edib ki, mərkəzə daxil olan 1 yaşına qədər uşaqların sayı 2014-ci illə müqayisədə 40 faiz artıb: "Bu da xəstəliyin vaxtından əvvəl aşkarlanması deməkdir. Müəssisəyə müraciət edən uşaqlarda sinir sistemi xəstəlikləri ilə yanaşı digər somatik xəstəliklər də müşahidə edilir. Xəstəliklərin müalicəsində müasir fizioterapiya cihazları, aerozol terapiyası, süni duzlaq şaxtası və digər üsullar istifadə edilir. Uşaq serebral ifliclə bağlı müraciətlər daha çox olur".