Anar Nağılbazın görüntülərini yayanlar cəzalandırılacaq


Şou-biznes 04 Dek 2017 11:03:00 304 0

Anar Nağılbazın görüntülərini yayanlar cəzalandırılacaq

Məşhur reper Anar Nağılbazın şəxsi həyatına aid məlumatların yayılması ciddi müzakirə mövzularından birinə çevrilib. Reper mətbuat konfransı keçirib və həmin görüntülərin montaj işi olduğunu deyib. Videoların yayılmasında konkret şəxsləri ittiham edib, ona böhtan atıldığını dilə gətirib.

Son.az criminalaz.com-a istinadən xəbər verir ki, müvafiq addımlar atmaqla şəxsi həyatına müdaxilə edənlərin cəzalandırılmasına nail olacaq. Bəs şəxsi həyata müdaxilə cinayət məsuliyyəti yaradırmı?

Vəkil Əsabəli Mustafayev deyir ki, şəxsi həyata müdaxilə yolverilməzdir: "Anar Nağılbaz ictimiyyətdə tanınan şəxsdir, rep ifaçısıdır. Sıradan olan şəxslər maddi-mənəvi zərərə görə 10-15 min manat maddi təzminat tələb edə bilərlərsə, Anar Nağılbaz ictimai nüfuzuna vurulan zərərə görə 25-35 min manat tələb edə bilər. Konstitusiyaya əsasən, şəxsi həyata müdaxilə yolverilməzdir. Konstitutsiyaya edilən sonuncu dəyişikliyə əsasən, şəxsi həyata müdaxilə kimi qeyd olunur və yolverilməzdir. Həmin videonun yayılması həqiqət və yalan olmasından asılı olmayaraq, hüquqi məsulliyyət yaradır. Həmin əməl cinayət məcəlləsinin təsiri altına düşür. Əgər görüntülər həqiqətdirsə, bu, şəxsi həyata müdaxilədir. Yalan, şər-böhtandırsa, burada cinayət məsulliyyətini yaradan amillər mövcuddur. Həmin görüntüləri yayan şəxslər 2 il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilərlər.

Vəkil Anar Qasımlı deyir ki, Anar Nağılbaz şəxsi həyatına müdaxilə ilə bağlı məhkəməyə və ya hüquq-mühafizə orqanlarına müraciət edə bilər: "Məhkəmələrə xüsusi ittiham qaydasında müraciət edə, şərəf və ləyaqətinin alçaldılmasına görə konkret şəxsin cəzalandırılmasını tələb edə bilər. Bununla yanaşı, polis və prokurorluq orqanına müraciət edib şəxi məlumatların yayılmasınəı təşkil edən şəxsləri cəzalandırılması istəyə bilər. Hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində belə deyilir. Qanunda göstərilən hallardan başqa, şəxsi həyata qarışmaq qadağandır. Şəxsin şəxsi həyatının 3 sahədən formalaşdığı qəbul edilir.

Birincisi, ümumi həyat sahəsidir ki, bu sahə başqaları tərəfindən bilinməsi mümkün olan, cəmiyyətə açıq bilgiləri əhatə edir. Məsələn, şəxsin kinoya, teatra, idman yarışlarına getməsi, bağda gəzintiyə çıxması, bazara getməsi və s. Şəxsin ümumi həyat sahəsi barədə informasiyanın gizliliyi qanunla qorunmur.

İkincisi, şəxsin özəl həyat sahəsidir ki, buraya aid olan informasiyalar, məhdud sayda və müəyyən meyarlara uyğun insanlarla (həkim, vəkil və s.) bölüşdürülə bilər. Bu sahəyə girən informasiyanı üçüncü şəxslər biləndə özəl həyat pozulmuş olur. Özəl həyat şəxsin peşə həyatı, ailə həyatı, yəni qapısını bağlayıb yaşadığı daxili həyatdır.

Məsələn, şəxsin kiminlə nişanlandığı, yaxud dostluq etdiyi onun özünü və müəyyən şəxsləri maraqlandıran məsələdir, onun özəl həyat sahəsinə aiddir. Və nəhayət üçüncüsü, şəxsin gizli həyat sahəsidir. Gizli həyat sahəsi, şəxsin başqaları tərəfindən bilinməsini, öyrənilməsini istəmədiyi davranış və hadisələrdən formalaşan sahədir. Şəxs gizli həyat sahəsinə girən informasiyanı ən yaxın adamlarına (ana, ata, qardaş, bacı, həyat yoldaşı, sirdaş) söyləyə bilər, yaxud bunları heç kimlə bölüşməyə bilər. Belə informasiyaya, şəxsin gizli duyğu və fikirləri, ümidləri, qorxuları, arzuları, həyat hadisələri, intim həyatı, gizli saxladığı düşüncələri, dini inancı, ailə münasibətləri kimi daxili aləminə aid məlumatlarla yanaşı, şəxsi yazışmaları kimi xarici mühitlə əlaqəli məlumat və hadisələr də daxildir".

Vəkil deyib ki, gizli həyat toxunulmaz olmaqla yanaşı, şəxsi həyatın özəyini təşkil etdiyindən hər cür müdaxilələrdən qorunur.

Vəkil Aqil Layıcov isə bildirib ki, həmin videoların, fotoların yayılmasının kökündə şantaj dayanırsa, maddi maraq dayanırsa, özünə hədələr olubsa, cinayət məsuliyəti yaranır: "Əgər belə məlumatlar sırf şəxsin şərəf və ləyaqətinin alçaldılması niyyəti ilə yayılıbsa, əlbəttə ki, mülki məsuliyyət yaranır. Bu halda məhkəməyə müraciət olunub maddi təzminat davası açıla bilər".