Azərbaycan Biznes Keys 2017 Müsabiqəsinin final mərhələsi keçirilib (FOTO)


Digərləri 03 Dek 2017 22:31:30 243 0

Azərbaycan Biznes Keys 2017 Müsabiqəsinin final mərhələsi keçirilib (FOTO)

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi dekabrın 3-də Hilton hotelində Azərbaycan Biznes Keys 2017 Müsabiqəsinin final mərhələsini təşkil edib

Bakı. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi dekabrın 3-də Hilton hotelində Azərbaycan Biznes Keys 2017 Müsabiqəsinin final mərhələsini təşkil edib. Bu il müsabiqə BP, SOCAR-AQŞ, Azercell, Engin, Azər Türk Bank, AzSığorta, Deloitte və EY şirkətlərinin sponsorluğu, ABŞ Səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Biznes Keys Yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilib. Müsabiqədə iştiraka 5 universitetdən; ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Ali Neft Məktəbini təmsil edən 26 komanda qoşulsa da, onlardan yalnız 16-sı yarımfinal mərhələsinə çıxmağa nail olub və 4 komanda final mərhələsinə çıxıb. Bütün komandalar 6 həftə ərzində biznes təhlili, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçiblər. Bununla yanaşı komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak ediblər. Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən münsiflər heyəti qarşısında təqdim ediblər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış ediblər. Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunurdu və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanırdı. Qalib komandalar ümumilikdə 10.000 AZN mükafat əldə ediblər (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN). Müsabiqənin yekunu olaraq 1-ci yerə Qafqaz Universitetinin tələbələri Hüseyn Məmmədov, Cəfər Cəfərov, Lalə Rüstəmli və Qəzənfər Kərimli nail olublar. Azərbaycan Biznes Keys Müsabiqəsi ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim ediblər. Bu il 15 illiyini qeyd etmiş müsabiqə 2002-ci ildən həyata keçirilməyə başlayıb. Azərbaycanda biznes keys təhlili təcrübəsinin azlığını nəzərə alan MBA Enterprise Corps təşkilatının könüllüləri bu layihənin əsasını qoyublar. 2006-cı ildən etibarən isə bu müsabiqənin keçirilməsi hüququ ekskluziv olaraq ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə (AAA) verilib. Bu günə qədər bu layihədə 1000-dən çox istedadlı tələbələr iştirak edib. Biznes Keys Müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində və karyera inkişafında çox önəmli rol oynayacaq bacarıqların aşılanmasında və tələbələrə biznes idarəçilik vərdişlərinin öyrədilməsində əvəzsiz rol oynayır. Bununla yanaşı, müsabiqə biznes, elm nümayəndələrinə və tələbələrə maraqlı və intellektual bir forumda iştirak etmək imkanı yaradır. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycanda ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və ABŞ Universitetlərinin təqaüd proqramlarının dəstəyi ilə ABŞ-da təhsil almış məzunları birləşdirən qeyri-hökumət təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında bütün məzunları bir yerdə toplamaq və inkişaf edən Azərbaycana öz bilik və bacarıqlarını istifadə edərək kömək etmək məqsədilə yaradılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin