Azərbaycanın “Cəngi” qrupu Fransada konsert verib - FOTO


Digərləri 03 Dek 2017 06:53:23 151 0

Azərbaycanın “Cəngi” qrupu Fransada konsert verib - FOTO

“Mahur”, “Çahargah”, “Mən səni araram” və digər Azərbaycan musiqiləri tamaşaçıların böyük marağı ilə qarşılanıb

Azərbaycanın “Cəngi” qrupu Fransanın Silli-Tillar şəhərində konsert verib.

“Report”un Fransa bürosunun məlumatına görə, Azərbaycanın Dostları Assosiasiyasının (ADA) dəstəyi və təşkilatçılığı ilə Silli-Tillar şəhərinin San-Marten kilsəsində baş tutan konsertdə Silli-Tillar şəhərinin meri Jan Vertadye, bu şəhərin yerləşdiyi Oise departamentinin rəsmi şəxsləri, Azərbaycan musiqisinin incəliklərini kəşf etmək arzusunda olan fransalılar iştirak ediblər.

Silli-Tillar şəhərinin meri Jan Vertadye tədbirdə çıxış edərək Azərbaycanın çox məşhur musiqi qruplarından olan “Cəngi”nin onun rəhbəri olduğu şəhərdə çıxış etməsinə və ümumiyyətlə qədim və zəngin Azərbaycan musiqisinin bu şəhərdə səslənməsindən məmnunluğunu ifadə edib.

ADA-nın prezidenti Jan-Fransua Mansel tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, bu münaqişə nəticəsində 1 milyon azərbaycanlının öz doğma ocağından qaçqın düşməsi haqqında ətraflı məlumat verib.

Jan-Fransua Mansel, həmçinin, bildirib ki, müxtəlif etnik mənşəyə və dini mənsubiyyətə məxsus insanların sülh və əmin-amanlıq şəraitində yaşadıqları Azərbaycan, bu gün tolerantlığın, multikulturalizmin beşiyidir.

ADA-nın baş katibi, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Azərbaycanın zəngin və qədim musiqisi, həmçinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş muğam haqqında konsert iştirakçılarına ətraflı məlumat verib.

“Cəngi” qrupunun üzvləri Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), İsgəndər Ələsgərov (zərb alətləri), Ruslan Hüseynov (bas gitara) və Vasif Hüseynlinin (piano) ifasında “Mahur”, “Çahargah”, “Sirli gecə”, “Mən səni araram” və digər Azərbaycan musiqiləri tamaşaçıların böyük marağı və alqışları ilə qarşılanıb.