Misir sufiləri: onlar kimlərdir?


Digərləri 02 Dek 2017 21:25:00 325 0

Misir sufiləri: onlar kimlərdir?

Misirin Sinay yarımadasında törədilmiş hücum nəticəsində 300-dən çox adamın qətlə yetirilməsi həmin hücumun hədəfi olmuş sufi müsəlmanlarına diqqəti çəkib.

İslam mistisizmi kimi çox vaxt təsvir edilən sufizm Allaha sitayişin ruhi köklərinə və tərki-dünyalığa söykənir.

Son.az BBC-yə istinadən bildirir ki, sufilər müntəzəm olaraq "Əhli-Beyt" (Məhəmməd peyğəmbərin ailəsi) və "vəlislərin" (Allah "dostları" sayılan insanlar) məbədlərinə baş çəkir, onların doğum gününü qeyd edir.

Sufilər üçün ən mühüm təcrübə "zikr" - Allahı yad etmək - sayılır. Bu zaman Allahı tərənnüm etmək məqsədi ilə ilahi adlar, Qurani Kərim ayələri və ya Peyğəmbərin kəlamları xatırlanır.

İcma məclislərində zikr tez-tez musiqi və rəqs ilə müşayiət olunur.

Sufizm İslam dünyasının müxtəlif güşələrində mövcuddur və həm sünni, həm də şiələr arasında buna rast gəlinir.

Lakin sərt xətt yürüdən bir çox sünni qruplar sufilərə qarşı çıxır.

Misirdə sufilərin sayı təxminən 15 milyona çatır, onları 77 təriqət birləşdirir.

Bu təriqətlərin ən iriləri iki milyon davamçını birləşdirən Rifaiyyə və yarım milyon davamçısı olan Əzmiyyə təriqətləridir.

Ölkədə sufilərin namaz qıldığı minlərlə məscid var, və həmin məscidlərdə namaz qılanlar yalnız sufilər deyil.

Cihadçılar və sufizm

Sələfi və cihadçı qruplar sufilərlə düşmənçilik edir.

Onlar öz davamçılarına sufizmlə əlaqəli məscidlərdə dua etməyi yasaqlayır və məscidlərdə dini nəğmələrin oxunmasını dinsiz əməl sayır.

Sinay yarımadasının şimalında yerləşən özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə əlaqəli olan bir cihadçı qrup, sufilərə qarşı bir ildir ki, kampaniya aparır.

2016-cı ilin noyabr ayında onlar görkəmli sufi xadimi, 98 yaşlı Şeyx Süleyman Əbu Hərrəzi El-Əriş şəhərindəki evindən oğurlayaraq başını kəsiblər.