Elm itlərin pişiklərdən ağıllı olduğunu sübut etdi


Digərləri 02 Dek 2017 20:25:00 326 0

Elm itlərin pişiklərdən ağıllı olduğunu sübut etdi

"The Daily Telegraph" qəzetinin elmi redaktoru Sarah Knapton yazır ki, itlərin, yoxsa pişiklərin daha ağıllı olduğuna dair uzun illərdən bəri davam edən mübahisə nəhayət həllini tapa bilər.

Alimlər ilk dəfə olaraq təkcə müxtəlif heyvanların beyin ölçülərini yox, onların beyin qabığındakı neyronların sayını müqayisə ediblər. Neyronlara beynin boz maddəsi də deyilir. Düşünmə, qərar qəbul etmə kimi mürəkkəb davranışlar burada baş verir.

Məhz bu müqayisənin nəticəsində məlum olub ki, ağıllı olduqları barədə bol-bol söhbətlərin mövcudluğuna baxmayaraq pişiklərin beynindəki neyronların sayı, adi qızılı retriver itinin beynindəki neyronların yarısı qədər də deyil.

İtlərin beyin qabığında 530 milyon neyronun olduğu halda, pişiklərin beyin qabığında yalnız 250 milyonadək neyron var.

Tennessee ştatındakı Vanderbilt Universitetinin psixologiya və biologiya elmləri professoru Suzana Herculano-Houzel deyir ki, o neyron sayının canlının zəkası və yaddaşı ilə birbaşa bağlı olduğuna şübhə etmir.

Alim bildirib ki, itlər neyron sayı üstünlüyünə görə pişiklərdən daha mürəkkəb qabiliyyətə malik olmalıdırlar.

Yeni araşdırma zamanı safsarların, manqustların, yenotların, pişiklərin, itlərin, kaftarların, şirlərin və ayıların beyinləri müqayisə olunub.

Göründüyü kimi bu siyahıdakı heyvanların hamısı "ətyeyənlərdir". Alimlər bu seçimi təsadüfən etməyiblər, çünki başqa canlıları yeyən heyvanların beyinləri ölçücə daha böyükdür. Digər tərəfdən bu siyahıda vəhşi heyvanlarla yanaşı, ev heyvanları da var.

Müqayisədən bu da ortaya çıxıb ki, beyinləri daha böyük olan heyvanlarda neyronların sayı daha az olub.

Məsələn qızılı retriver itinin beynindəki neyronların sayı kaftarların, şirlərin və hətta ayıların beynindəki neyronların sayından çoxdur.

Başqa sözlərlə, araşdırma göstərib ki, qonur ayı ilə pişiklərin beynindəki neyronların sayı təxminən bərabərdir. Bu həm də o demədkir ki, pişiklər beyinləri onların beynindən on dəfə böyük olan ayılar qədər ağıllıdırlar.