Elnur Cəfərov: "Peşman olacağım bir şey etməmişəm"


İdman 02 Dek 2017 17:18:00 320 0

Elnur Cəfərov: "Peşman olacağım bir şey etməmişəm"

"Neftçi"nin və U-21 millimizin hücumçusu Elnur Cəfərov müsahibəsi:

 

- Klub tərəfindən cəzalandırıldığın üçün bir müddətdir oynamırsan. Hazırda vəziyyətin necədi? Klub rəhbərliyilə və baş məşqçi Tərlan Əhmədovla aranda yenidən söhbət olub?

- Xeyr, bu məsələ ilə bağlı görüş və ya söhbət olmayıb. Hər şeyə yanvarda aydınlıq gələcək. Klub rəhbərliyi mənimlə bağlı qərar verəcək. Mən "Neftçi"nin futbolçusuyam, klubla müqaviləm var. Hazırda zədəliyəm. Kosova ilə oyun zamanı ayağımdan zədələnmişdim. Bunu demək olar ki, çox adam bilmir. Hətta bir mətbu orqanların bir çoxu belə xəbərsizdilər. Bəlkə də bu səbəbdən əvəzedici komandaya lazım olmamağımla bağlı xəbərlər yazırlar.

 

- Zədən nə vaxt sağalacaq? Milli komandada zədələnmisən, federasiya səni müalicə edir?

- Həm klub. həm də federasiya müalicə edir. Sağalmaq üzrəyəm. Təqribən bir həftəyə hazır olacam. Bildiyiniz kimi, bir həftəyə qış fasiləsi başlayacaq və komanda istirahətə buraxılacaq. Bir də yeni ildə komanda bir araya gələndə məşqlərə başlamalı olacam. 

 

- Evdə müalicə alırsan, yoxsa klubun bazasında?

- Həm evdə, həm də klubun bazasında oluram. Hal-hazırda klubun bazasındayam. Birazdan futbolçularla görüşüb, onlara uğurlar arzulayacam. (Red - Müsahibə "Qarabağ"la oyundan öncə alınıb) Daha sonra komandaya dəstək olmaq üçün "Qarabağ"ın stadionuna yollanacağıq.

 

- Biraz da cəzalanmana səbəb olan qalmaqallı hadisədən danışaq. Baş verənlərə görə peşmansamı?

- Peşmanammı? Peşman olacağım bir şey etməmişəm. Birinci dəfə maşınla çəkilən şəkilin güdazına getdim. Həmin vaxt başqa maşınla şəklimi paylaşsaydım, səs-küyə səbəb olmayacaqdı. Deyirlər ki, 7:0-dan şəkil çəkdirən yerdə gülmüşəm. Hamı kimi mən də şəkil çəkdirən yerdə gülümsünürəm. Bu, təbii bir şeydir. Baxa bilərsiz, şəkillərimin 90 faizi gülən yerdə çəkilib.

Azarkeşlə yaşanan hadisəyə gəlincə, heç bir azarkeşin ixtiyarı yoxdur ki, futbolçunun ailəsini təhqir etsin. Hər bir övlada tərbiyə, qanacaq verən anası və atasıdır. Mənim tərbiyəmə, qanacağıma söz deyən ailəmə söz deyir. Mənim ailəmi söysünlər, mən də heç nə eləmiyim? Susmaq da olmur axı... Mən heç kimi "razborka"ya çağırmamışam. Bunu sübut etməyə hazıram. Yazışmalar hələ də qalır. O dedi ki, Almaniyadayam, gələcəm danışarıq. Mən də soruşdum ki, nə vaxt gəlirsən? O, öz yazdığını göstərmədən digər danışıqları göndərib jurnalistə. Söhbətin əvvəli məlum deyil deyə hamı da təsəvvür yaranıb ki, mən onu söhbətə çağırmışam. Məsələ belədir. Mən heç kimi söhbətə çağırmamışam. Bu hərəkət futbolçuya yaraşmaz. (Sportarena)