"Fərid Qayıbovun UEGin prezidenti seçilməsi Prezident İlham Əliyevin “Azərbaycan idman ölkəsidir” fikrini bir daha təsdiq etdi"


Siyasət 02 Dek 2017 16:50:32 302 0

"Fərid Qayıbovun UEGin prezidenti seçilməsi Prezident İlham Əliyevin “Azərbaycan idman ölkəsidir” fikrini bir daha təsdiq etdi"

Fərid Qayıbovun UEG-in prezidenti seçilməsi Prezident İlham Əliyevin "Azərbaycan idman ölkəsidir" fikrini bir daha təsdiq etdi.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Rauf Əliyev deyib.

Onun sözlərinə görə, bu təyinat Azərbaycan xalqı üçün böyük nailiyyətdir.

Deputat qeyd edib ki, azərbaycanlının belə böyük təşkilata prezident seçilməsi ölkəmizin nüfuzunun artmasından xəbər verir: "Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi çox böyük hadisədir. Fərid Qayıbovun UEG prezidenti seçilməsinə görə mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edirəm. Azərbaycan xalqını təbrik edirəm. Bu hadisə Prezident İlham Əliyevin söylədiyi "Azərbaycan idman ölkəsidir" fikrini bir daha təsdiq etdi".

R.Əliyev qeyd edib ki, gimnastika idman növünə göstərilən diqqət nəticəsində bu sahəyə axın var. Bu isə ona gətirib çıxardı ki, Azərbaycan gimnastları beynəlxalq tədbirlərdə iştirak etməyə başladılar, ölkədə idman bazası yaradıldı:

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçiləndən sonra Azərbaycanda gimnastika idman növü kimi inkişaf etdi. Çox qısa müddətdə gimnastika təkcə Bakıda deyil, regionlarda da inkişaf etməyə başladı".

Deputat əlavə edib ki, Mehriban Əliyevanın bu sahənin inkişafına göstərdiyi diqqətin nəticəsi olaraq, Azərbaycan gimnastika üzrə bir çox beynəlxalq yarışlara, tədbirlərə ev sahibliyi edib: "Bunun nəticəsində Azərbaycan gimnastika üzrə bir məkan oldu".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.