Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub


Sosial 02 Dek 2017 16:34:09 301 0

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub

Əvvəllər məhkum olunmuş İlham Axundov xarici ölkə vətəndaşının telefonunu oğurlayıb

Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib.

Bu barədə "Report"a DİN mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı şəhər sakini Rəna Hacıyevanın, Neftçala rayon sakini Səid Qurbanovun və bir əcnəbi vətəndaşın Metropolitendə Polis Şöbəsinə mobil telefonlarının oğurlanması barədə müraciətləri əsasında başlanan əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən şəxs dekabrın 1-də metronun “Elmlər Akademiyası” stansiyasında saxlanılıb.

Araşdırmalarla paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Axundovun noyabrın 24-dən dekabrın 1-dək olan müddətdə metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə “Samsung”, “Samsung Galaxy Note5” və “İphone-6S” markalı 3 mobil telefonu oğurlaması müəyyən edilib.

Baxış zamanı onun üzərindən maddi sübut kimi götürülmüş “İphone-6S” markalı mobil telefonun əcnəbi vətəndaşa məxsus olduğu üzə çıxıb.

Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

İ.Axundovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.