Azərbaycanın gənc ixtiraçıları: "Bizim layihəmiz Azərbaycanın dünyaya növbəti töhfəsidir" FOTO


Digərləri 02 Dek 2017 16:35:49 336 0

Azərbaycanın gənc ixtiraçıları: "Bizim layihəmiz Azərbaycanın dünyaya növbəti töhfəsidir"  FOTO

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin ("İstək" liseyi) 9-cu sinif şagirdləri, 15 yaşlı məktəbli Reyhan Camalovanın rəfiqəsi Zəhra Qasımzadə ilə birgə etdiyi ixtira ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda keçirilən "Qlobal Sahibkarlıq Sammiti 2017"də böyük marağa səbəb olub.

Yağış suyundan enerji istehsal edən 15 yaşlı ixtiraçılar belə qənaətə gəliblər ki, milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi həll etmək üçün onlar fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

Son.az gənc ixtiraçıların "Qlobal Sahibkarlıq Sammiti 2017"də iştirakları ilə bağlı təəssüratları və gələcək planları haqqında Trend-ə müsahibəsini təqdim edir:

- Reyhan və Zəhra, bu uğurlarınıza görə sizi təbrik edirəm. Sizcə, 150 ölkədən 1500 sahibkar arasından niyə yalnız sizin layihənizə xüsusi diqqət göstərildi?

- Reyhan: Onların arasında ən gənc qadın sahibkar olaraq qatıldım. Layihə özü genişmiqyaslı olduğu üçün İvanka Tramp onu öz təqdimatında xüsusi qeyd etdi.

- Zəhra, müəlliflərindən biri olduğunuz layihənin təqdimatında hansı səbəbdən iştirak edə bilmədiniz?

- Müsabiqənin şərtinə görə, hər komandadan bir nəfər tədbirdə iştirak edə bilərdi. Ona görə də təqdimat mərasimində iştirak edə bilmədim.

- Birgə layihəniz nə qədər müddətə başa gəlib?

- Əslində, biz 8 ay birlikdə çalışmışıq. 4 ay isə tam olaraq, bu layihənin üstündə işləmişik. Layihənin hazırlanmasına bu ilin aprelindən başlamışıq. Layihəni daha sonra biznesə-startapa çevirmişik və biznes plan hazırlamışıq. Daha sonra isə "Rainergy" adlı layihə ilə Azərbaycanda ilk dəfə keçirilən "ClimateLaunchpad - startap yaşıl biznes" müsabiqəsində iştirak etmişik. Müsabiqənin finalı çox möhtəşəm olub. Müsabiqənin Azərbaycan finalında layihəmiz "Tamaşaçıların ən sevimli startapı" adını qazanıb.

- Reyhan, təqdimatdan sonra ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Trampla görüşdünüz. Yəqin ki, bu layihəyə olan yüksək marağın nəticəsi idi. Bu görüşdə hansı müzakirələr apardınız?

- Bu, çox böyük görüş olmadı, 2-3 dəqiqə davam etdi. İvanka Tramp həmin görüşdə layhəni çox təriflədi, onu yüksək qiymətləndirdi.


Xəbərə aid fotolar