Prezident: Əfqanıstan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcək


Siyasət 01 Dek 2017 19:04:00 319 0

Prezident: Əfqanıstan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcək

Əfqanıstan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı bildirib: "Cənab Prezident. Hörmətli nazirlər, azərbaycanlı dostlar. Əvvəlcə, bizi qəbul etdiyinizə görə minnətdaram. Hər dəfə Bakıya gəldikdən sonra ümidlə qayıdıram. Bütün həmkarlarım da bu cür düşünürlər. Xatırlamaq kifayətdir ki, rəhmətlik atanız və Siz hansı çətinliklərlə üzləşmişdiniz - müharibə, qaçqın və məcburi köçkünlər, səviyyəsi 40 faizi aşan yoxsulluq, həcmi 5 milyard manat olan ümumi daxili məhsul. Nailiyyətləriniz çox yaxşı misaldır, çünki uzun müddət əvvəl, məsələn 6 - 8 il əvvəl mövcud olanları öyrəndikdə, görürük ki, onlar keçmişdə qaldı. Əfqanlar buraya gəldikdən sonra öz ölkələrində dəyişiklik etmək inamı ilə qayıdırlar. Bunların əyani sübutu "ASAN xidmət"dir. Maliyyə naziri səfər etdikdən sonra bu təcrübə dərhal tətbiq olunmağa başladı. Müvafiq qurum yaradıldı və o, Rabitə Nazirliyinin tabeliyinə verildi.

Cənab Prezident, Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır. Mən Çikaqoda keçirilmiş NATO konfransındakı çıxışınızı xatırlayıram. Həmin vaxt Siz ilk dəfə olaraq "Şimal dəhlizi" və böyük sərmayələr proqramını qeyd etdiniz. Cənab Prezident, Sizin gördüyünüz işlər, sadəcə desək, NATO-nun missiyasını mümkün etdi".

M.Ə.Qani qeyd edib ki, Bakı əməliyyatları ən sürətlə icra edən məkan nüfuzunu qazandı: "NATO komandanları və generalları ilə söhbət etdikdə, onlar bu marşrutun səmərəliliyini, etibarlılığını və tam şəffaflığını qeyd etdilər. Heç kəsin heç bir problemi olmadı. İndi isə həmin dəhliz müdrik rəhbərliyiniz və göstərişlərinizlə bir tərəfdən Lapis-Lazuli yoluna, digər tərəfdən isə multimodal daşımalar sisteminə çevrilir. Onun sayəsində biz Avropaya, Sizin ölkəyə və əksinə çıxış əldə edirik. Bu, uzaqgörənliyin və müdrikliyin, rəhbərlik keyfiyyətlərinin, olduqca böyük diqqətin bariz nümunəsidir. Siz bu keyfiyyətlərlə tanınırsınız və biz onların sayəsində nəticə qazanırıq.

Biz Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcəyik. Dəstək verməyə hər zaman hazırıq. Biz hərbi qulluqçularınızın sayının artırılması ilə əlaqədar bu yaxınlarda Brüsseldə bəyan etdiyiniz qərarı çox yüksək qiymətləndiririk. Hərbçiləriniz mübarizdirlər, şərəflə xidmət edirlər. Bu, bizim üçün böyük şərəfdir.

Cənab Prezidenti, qeyd etdiyiniz iqtisadi gündəlik olduqca genişdir, çoxşaxəlidir və böyük fayda gətirir. Orada olan məsələlərin hər birinin işlənib hazırlanmasından etibarən, söyləyə bilərəm ki, yaratdığımız çərçivə bizi daha da yaxınlaşdırır. O, Azərbaycan biznes dairələrini, dövlət şirkətlərini ölkəmizə gətirir. Əlbəttə, vaxt keçdikcə Azərbaycan və Əfqanıstan xalqları daha böyük harmoniyaya nail olacaqlar, dostluq, tərəfdaşlıq və qarşılıqlı fayda dəyərlərini artıracaqlar".

O əlavə edib ki, yaradılmış işçi qrupu indicə imzalanmış sazişlər baxımından öz işini davam etdirəcək: "Çox səmimiyyətlə arzulayırıq ki, Azərbaycanın özəl və dövlət sektoru ölkəmizə gəlsin. Maliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılmış dəyişikliklər təcrübəsi, sənaye inkişafı və xüsusən də yaradılmış Neft Fondu - əla misallardır. Çünki Əfqanıstandakı vəziyyət Azərbaycanın müharibədən sonrakı durumla üzləşdiyi çağırışlarla eynidir. Digərləri bunu görmür.

Cənab Prezident, Sizin rəhbərliyinizin xüsusiyyəti ondan ibarətdir ki, Siz bizim bugünkü yox, gələcək günümüzü görürsünüz. Azərbaycanın durumu inkişaf, fayda gətirən gələcək durum kimi götürülə bilər".

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlu təcrübələrin ölkəsində də tətbiq edilməsindən məmnunluğunu ifadə etdi. Əfqanıstanın dövlət başçısı Bakıda keçirilən "Asiyanın Qəlbi - İstanbul Prosesi" çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda 7-ci nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi:

"Bu konfransa ev sahibliyi etdiyinizə görə dərindən minnətdaram. Tədbir nəticələrə və əlaqələrin qurulmasına yönəlib. İndi biz artıq nəzəriyyə haqqında deyil, regional şəbəkələri qurmaq, aydın reallığı təmin etmək üçün işlər haqqında danışırıq. Atacağınız hər bir addım konsolidasiyaya, dərin və hərtərəfli dostluğa, ortaq dəyərlərə və birgə iş aparmağa yönələcək. Sağ olun, cənab Prezident".