SOCAR istiqrazlarının girovluğu ilə ilk kredit götürülüb


İqtisadiyyat 01 Dek 2017 15:28:59 292 0

SOCAR istiqrazlarının girovluğu ilə ilk kredit götürülüb

Bakı Fond Birjasında bu qiymətli kağızla ilk REPO əməliyyatı həyata keçirilib

Bakı Fond Birjasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları ilə ilk REPO əməliyyatı həyata keçirilib.

“Report” qiymətli kağızların marketmeykeri olan “PSG Kapital” investisiya şirkətinə istinadən xəbər verir ki, əməliyyatı nəticəsində istiqraz sahibi 1,5 mln. ABŞ dolları məbləğində vəsait cəlb edib.

Vəsait 7 günlük müddətə, illik 3,5%-lə cəlb olunub.

Xatırladaq ki, SOCAR istiqrazları ilə müntəzəm REPO əməliyyatlarına noyabrın əvvəlindən start verilib. İstiqrazların sahibləri olan fiziki və hüquqi şəxslər REPO əməliyyatlarından istifadə edərək qısa müddətli kreditlər əldə edə bilərlər.

Bir qayda olaraq REPO əməliyyatı bir neçə gün davam edir. SOCAR İstiqrazları ilə REPO əməliyyatları ilkin olaraq 3 və 7 günlük müddətə nəzərdə tutulub. Yəni istiqraz sahibləri REPO əməliyyatlarından istifadə etməklə 3 və 7 günlük müddətlərdə illik 3,5-3,75%-lə qısa müddətli kreditlər ala (vəsaitlər cəlb edə) biləcəklər.

İlkin olaraq gündəlik 2 mln. dollarlıq “REPO pəncərəsi” açılıb. Bu vəsaitin 1 mln. dolları 3 günlük, 1 mln. dolları isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub. Amma müştərilərin ehtiyaclarından asılı olaraq həm REPO üçün vəsaitlərin məbləği, həm də REPO əməliyyatının müddəti dəyişə və 3 aya qədər uzadıla bilər.

REPO əməliyyatlarında istənilən SOCAR istiqrazının sahibi iştirak edə bilər. Onlar malik olduqları istiqrazları girov qoymaqla həmin istiqrazların dəyərinin 95%-i qədər kredit götürə bilərlər. Bu əməliyyatlar xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər - banklar və sığorta şirkətləri üçün faydalıdır.