Qazaxda Türkiyə vətəndaşına qarşı quldurluq edən şəxs azadlıqdan 9 il müddətinə məhrum edilib


Sosial 01 Dek 2017 00:55:40 344 0

Qazaxda Türkiyə vətəndaşına qarşı quldurluq edən şəxs azadlıqdan 9 il müddətinə məhrum edilib

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tağıyev Rasim Xalid oğlunun cinayət işinə baxılıb

Türkiyə vətəndaşına qarşı quldurluq edən şəxs 9 il azadlıqdan məhrum edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Sevindik Əzizovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 1995-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Tağıyev Rasim Xalid oğlunun Azərbaycan Respublikası CM-nin 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb.

Belə ki, Tağıyev Rasim Xalid oğlu 10 oktyabr 2016-cı il tarixdə, saat 02 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək “Qırmızı körpü” sərhəd keçid məntəqəsində Türkiyə Respublikası vətəndaşı Ayvazoğlu İsa Cəlal Şahin oğluna yaxınlaşaraq Qazax şəhəri ərazisindən bir qadını Şəmkir rayonuna aparmaq lazım olduğunu, bunun müqabilində ona 400 ABŞ dolları pul veriləcəyinə inandırıb. O, İ. Ayvazoğlunu Ağstafa şəhərinə gətirib. Bundan sonra Ağstafada taksi kimi fəaliyyət göstərən Rüstəmzadə Əli Münasib oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-RR-134 dövlət nömrə nişanlı avtomobillə Qazax rayonunun Daşsalahlı kəndinə aparıb həmin kəndin ərazisində yerləşən “Akkord” sement zavodunun yaxınlığında sürücünün onlara avtomobildən düşməsini tələb etməsini və yanacağı olmadığı üçün geri qayıdacağını bildirdikdən sonra avtomobildən düşərək həmin vaxt onunla birlikdə avtomobildən düşmüş Ayvazoğlu İsa Cəlal Şahin oğlunu əli ilə itələyib avtomobilin arxa salon hissəsinə salaraq onun boğaz nahiyəsindən tutaraq, üzərində olan pulu verməsini tələb edərək və bıçaqla hədələyərək, Ayvazoğlu İsa Cəlal Şahin oğlunun pul qabından 2050 ABŞ dolları, dolların manata olan məzənnəsi ilə 3281 manat 23 qəpik məbləğində və 40 manat nağd pulunu, cəmi 3321 manat 23 qəpik pulunu götürməklə, zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla quldurluq edib.

Zərərçəkmiş Ayvazoğlu İsa Cəlal Şahin oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsində göstərib ki, rəsmi olaraq “Çavdaroğlu 61” nəqliyyat şirkətində sürücü vəzifəsində işləyir. 9 oktyabr 2016-cı il tarixdə, təxminən saat 23 radələrində idarə etdiyi TIR markalı yük avtomobili ilə Bakı şəhərindən gəlib Qazax rayonu Sınıq Körpü sərhəd məntəqəsindən keçib Gürcüstan Respublikasına getmək istəyərkən sərhəd məntəqəsində uzun növbə olduğu üçün idarə etdiyi TIR yük avtomobilində yatmaq qərarına gəlib. Bu zaman, yük avtomobilinin sürücü tərəfdən olan qapısı açılıb və bir nəfər tanımadığı şəxs onunla söhbət etmək istədiyini deyib. O da avtomobildən yerə düşüb. Həmin tanımadığı şəxs, adını sonradan bildiyi Tağıyev Rasim Xalid oğlu bildirib ki, tanışı olan qadını onu özünə məxsus avtomobildə, Qazax rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində gözləyir. Onu Şəmkirdəki evinə aparmaq üçün qadın 400 ABŞ dolları pul və bir də geri qayıtmaq üçün taksi pulu verəcək.

İsa Ayvazoğlu bununla razılaşıb. Yol boyu R. Tağıyev mobil telefonu ilə kiminləsədə danışıb. Onlar Qazax şəhərinə çatandan sonra sürücü avtomobili 2-ci Şıxlı kəndi istiqamətində sürüb. Bakı-Sınıq Körpü yolundan sola dönəndə isə R. Tağıyev ondan sürücülük vəsiqəsini istəyib, İsa da etiraz edərək, onun sürücülük vəsiqəsini nəyə görə istədiyini maraqlanıb. Daha sonra Rasimə qadının avtomobilini sürmək fikrindən əl çəkdiyini bildirib və avtomobilin sürücüsü olan sonradan adını bildiyi Əliyə avtomobili saxlamasını istəyib. Lakin Əli avtomobili saxlamayaraq, Daşsalahlı kəndi ərazisində yerləşən gips zavodunun yanından geri döndərərək qayıdacağını deyib və Rasimlə mübahisə etməyə başlayib. Həmin vaxt o, avtomobildən düşüb, bu zaman R. Tağıyev də avtomobildən düşərək onu əli ilə avtomobilin arxa salonuna itələyib və boğmağa başlayıb. Sonra sürücüdən bıçaq istəmişdir ki, əgər pul qabındakı pulu verməsə, onu vuracaq. Bu zaman avtomobildə olan digər şəxslər bu hərəkətlərini dayandırmağını tələb ediblər. Lakin Rasim pulu verməsə onu bıçaqla vuracağından qorxub və pul qabını çıxarıb ona vermişdir.

İsa avtomobilin salonunda arxa oturacaqda əyləşib. Rasim də pul qabından ona məxsus 2050 ABŞ dollarını və 40 manat da nəğd pulu pul qabından çıxarıb. Rasim bundan sonra ondan cibində əlavə pulunun olub-olmamasını soruşub. İsa isə pulunun qalmadığını bildirib. Belə olduqda Rasim ondan avtomobildən yerə düşməsini tələb edib. İsa Ayvazoğlu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tağıyev saxlanılaraq barəsində həbs qəti-imkan tədbiri seçilib.

Məhkəmənin qərarı ilə Tağıyev Rasim Xalid oğlu Azərbaycan Respublikası CM-nin 181.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, hökmdən təqsirləndirilən şəxs Tağıyev Rasim Xalid oğlu apellyasiya şikayəti verildiyi üçün iş hal hazırda Gəncə Apellyasiya Məhkəməsində apellyasiya baxışındadır.