Niyə Həzrət Muhəmmədin (s) ən böyük möcüzəsi Quran sayılır?


Digərləri 30 Noy 2017 22:10:00 296 0

Niyə Həzrət Muhəmmədin (s) ən böyük möcüzəsi Quran sayılır?

Peyğəmbərlərin möcüzələri adətən zamana və şəraitə uyğun olurdu. Məsələn, Həzrət Musanın (ə) zamanında sehrbazlıq geniş yayıldığı üçün, Allah sehrbazları ifşa edən möcüzəni (ilana dönən çəliyi) Ona bəxş etdi. İsa Peyğəmbərin (ə) dövründə tibb elmi inkişaf mərhələsini yaşayırdı. Ona görə də, Həzrət Isa (ə) bütün təbibləri heyrətə salan və aciz edən möcüzələr göstərirdi (sağalmaz xəstəliklərə şəfa verir, ölüləri dirildirdi).

Son.az islam.az-a istinadən bildirir ki, Qurani-Kərimin nazil olduğu əsrdə isə ərəblər arasında şeir, bəlağətli söz söyləmək bacarığı yüksək qiymətləndirilirdi. Quran öz ecazı ilə cahiliyyə dövrünün qüdrətli şairlərinə meydan oxudu. Allah-Taala Həzrət Mühəmməd Peyğəmbəri (s) məhz Quran kimi ecazkar bir kitabla göndərdi ki, ərəblər bu kitabın bəşər kəlamından üstünlüyünü və həqiqətən, ilahi vəhy olduğunu anlayıb qəbul etsinlər.

Həzrət Muhəmməd Peyğəmbərin (s) möcüzələri çox olsa da, ən məşhuru təkrarolunmaz və əsrarəngiz Qurani-Kərimdir. 14 əsrdir ki, bu kitab dil səlisliyi, məntiqə uyğunluğu, bütün elmi kəşfləri qabaqlaması ilə dünyanı heyrətə gətirir. Böyük ədəbiyyatçılar, şair və alimlər Quran qarşısında öz heyranlıqlarını gizlətmirlər.