Çavuşoğlu: AzərbaycanTürkiyə əməkdaşlığının yüksək səviyyədə olması bölgənin tərəqqisi və təhlükəsizliyi üçün çox önəmlidir


Siyasət 30 Noy 2017 19:10:00 290 0

Çavuşoğlu: AzərbaycanTürkiyə əməkdaşlığının yüksək səviyyədə olması bölgənin tərəqqisi və təhlükəsizliyi üçün çox önəmlidir

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, spiker qonaqları səmimi salamlayaraq, bildirib ki, ölkələrimizin xarici işlər nazirlərinin mütəmadi səfərləri və keçirilən görüşlər münasibətlərimizin strateji xarakter daşımasının əyani göstəricilərindən biridir. Bu cür səfərlər sürətlə dəyişən bölgə reallıqları ilə bağlı ortaq mövqelərin formalaşmasında müsbət rol oynayır.

Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi "Bir millət iki dövlət" ifadəsi bu gün real həyatda öz təsdiqini tapıb. Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün nümunə ola biləcək bir səviyyədədir. Əlbəttə ki, bütün bunlar bizi sevindirir. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsində dövlət başçılarının görüşləri və apardıqları danışıqlar mühüm rol oynayıb.

Spiker Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşündə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışında iştiraklarını xatırlayaraq, hər iki ölkənin qlobal əhəmiyyətə malik layihələrə imza atdığını söyləyib. Bildirilib ki, istər neft-qaz, istərsə nəqliyyat sahəsindəki bu uğurlarımız qürurvericidir.

Sədr Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin görüşünün və Bakıda keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 7-ci nazirlər toplantısının əhəmiyyətini yüksək dəyərləndirib. Bildirilib ki, beynəlxalq təşkilatlarda tərəfləri düşündürən məsələlər barədə vahid mövqedən çıxış etmək günün tələbidir. Söhbətdə Spiker vurğulayıb ki, Azərbaycan və Türkiyə strateji müttəfiq kimi çox uğurlu əməkdaşlıq edir. Bizim əməkdaşlığımız və dostluğumuz dünyada baş verən proseslərdən və qarşıya çıxan təhdidlərdən asılı olmayaraq sarsılmazdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin görüşü, "İstanbul prosesi" kimi tanınan toplantı barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, bu cür tədbirlər çərçivəsində aparılan fikir mübadiləsi ümumi məqsədlərin reallaşması üçün yaxşı zəmin yaradır.

Qonaq qeyd edib ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın yüksək səviyyədə olması, qlobal layihələrin birgə həyata keçirilməsi, bölgənin tərəqqisi və təhlükəsizliyi baxımından çox önəmlidir.

M.Çavuşoğlu parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsinin xalqlarımızın mənafeyi naminə qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə fəaliyyətə xidmət etdiyini söyləyib. O, deputatlarımızın beynəlxalq qurumlarda prinsipial məsələlər barədə eyni mövqedən çıxış etməsini zəruri hesab edib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında danışıqlar aparılıb.

Görüşdə Parlament aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.