Azay Quliyev: "Rusiya və Azərbaycanın ictimai təşkilatları arasındakı əməkdaşlığın səviyyəsi bizi qane etmir"


Siyasət 30 Noy 2017 18:08:10 336 0

Azay Quliyev: "Rusiya və Azərbaycanın ictimai təşkilatları arasındakı əməkdaşlığın səviyyəsi bizi qane etmir"

Polad Bülbüloğlu: "Dünyada ölkələrimiz arasında qarşıdurma yaratmaq, əlaqələrimizi pozmaq istəyən çoxsaylı qüvvələr var"

"Rusiya və Azərbaycanın ictimai təşkilatları arasındakı əməkdaşlığın hazırkı səviyyəsi bizi qane etmir. İki ölkə prezidentləri, hökumətləri və parlamentariləri arasında mövcud olan əməkdaşlıq səviyyəsinə yüksəlmək lazımdır. Bu baxımdan, bu görüşə böyük əhəmiyyət veririk və məhsuldar əməkdaşlığa ümid edirik".

"Report"un Rusiya bürosunun məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Rusiya Federasiyasının İctimai Palatasının nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, bu gün Rusiyada müxtəlif qeyri-hökumət və ictimai təşkilatlarda birləşən çox sayda azərbaycanlı var.

"Bu təşkilatlarla bağlı bizi narahat edən məsələlər yaranır, bütün bunlar bu gün gündəmdədir. Bundan başqa, Rusiyada təxminən 15 min azərbaycanlı tələbə təhsil alır. Bizim üçün bu, ölkələr arasında əməkdaşlığın mühüm istiqamətidir", - A.Quliyev əlavə edib.

Öz növbəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iki ölkənin ictimai strukturları arasında qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb.

"Dünyada ölkələrimiz arasında qarşıdurma yaratmaq, əlaqələrimizi pozmaq istəyən çoxsaylı qüvvələr var. Buna görə də səylərimizi birləşdirməliyik", - səfir bildirib.

Görüşün yekununda dörd - gənclər və tələbələr arasında əməkdaşlıq üzrə; təhsil və mədəniyyət üzrə; ictimai təşkilatların iş üzrə və birgə tədbirlərin və təcrübə mübadiləsinin təşkil edilməsi üzrə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

İşçi qrupları birgə Memorandumun imzalanmasına hazırlıq işlərini davam etdirəcəklər.

Rusiya İctimai Palatasının rəhbərliyi Azərbaycana səfərə dəvət olunub.