Bakı məktəblilərinin qollarında şübhəli sıyrıqlar aşkarlandı


Digərləri 30 Noy 2017 16:10:00 323 0

Bakı məktəblilərinin qollarında şübhəli sıyrıqlar aşkarlandı

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri "Mavi balina" adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir. Hadisədən sonra valideynlərə diqqətli olmaları tapşırılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumatlara aydınlıq gətirib.

Son.az xəbər verir ki, "Noyabrın 27-də şagirdlərin ümumi yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət edilib", - bunu B.Məmmədov virtualaz.org-a deyib. Hadisə ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilib, idarənin nümayəndələri məktəbə göndərilib. Valideynlərə tövsiyə edilib ki, uşaqlara nəzarəti gücləndirsinlər.

Məktəbdən isə virtualaz.org-a bildiriblər ki, hazırda uşaqlarla psixoloji iş aparılır, valideynlər məlumatlandırılıb. "Burda intihardan söhbət getmir, sadəcə olaraq, uşaqların qolunda xəsarətlər var. Bunun nədən yarandığı araşdırılır".