Səfir: "Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti ən yaxşı, konstruktiv və real siyasətə əsaslanmışdı"


Siyasət 30 Noy 2017 11:18:17 309 0

Səfir: "Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti ən yaxşı, konstruktiv və real siyasətə əsaslanmışdı"

Fuad İsgəndərov: "Münaqişələr Avropanın təhlükəsizliyi və siyasətinə ciddi təhlükə yaradır"

"Brüsseldə keçirilən son Şərq Tərəfdaşlığı Sammiti ən yaxşı, konstruktiv və real siyasətə əsaslanan mühüm tədbir idi".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "Euractiv" nəşrinə müsahibəsində deyib.

"Mən üç Şərq Tərəfdaşlığı Sammitində iştirak etmişəm. Təcrübəmə əsasən deyə bilərəm ki, son sammit gördüyüm və ya iştirak etdiyim ən yaxşı sammit idi. Bu sammit xalqları, ölkələri birləşdirdi, onları bir-birinə daha da yaxınlaşdırdı", - F.İsgəndərov bildirib.

Şərq Tərəfdaşlığı Sammitinin birgə bəyannaməsində Azərbaycana olan əsas mesajlar barədə danışan səfir qeyd edib ki, orada ölkə üçün çox müsbət elementlər var: "Ən obyektivindən başlayaq. Bu, Avropa ölkələrinin "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü ilə bağlı mövqeyidir. Münaqişələrin həlli məsələsində Avropa İttifaqı (Aİ) və onun qonşuları mövqelərini tam aydın göstərdilər - beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik və ərazi bütövlüyünə əsaslanan vahid yanaşma oldu. Bu, təəssüf ki, münaqişələrə cəlb edilmiş və hələ də münaqişə şəraitində olan altılıq ölkələri üçün çox vacibdir."

Onun sözlərinə görə, belə yanaşma əsaslıdır, belə ki, daha dərinə, detallara vardıqda Avropa İttifaqı qarşıdurma üçün platforma ola bilər.

"Aİ ölkələri ilə "Şərq Tərəfdaşlığı" ölkələrinin mövqeləri tamamilə eyni idi", - diplomat vurğulayıb.

F.İsgəndərovun fikrincə, tərəfdaşlıq ölkələrindəki münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi "infeksiya" kimi görünür: "Bu gün bu, qonşularda baş verir, sabah isə evinizdə ola bilər." O əlavə edib ki, bu münaqişələr Avropanın təhlükəsizliyi və siyasətinə ciddi təhlükə yaradır.

Səfir diqqətə çatdırıb ki, bütün bu məqamlar sammitin yekun bəyannaməsində öz əksini tapıb və onun əsasını təşkil edir.