Balaca bir kənddə 151 cinsi təcavüz necə baş verib?


Digərləri 30 Noy 2017 11:12:00 286 0

Balaca bir kənddə 151 cinsi təcavüz necə baş verib?

Norveç polisinin uzaq şimaldakı Laplandiyada yaşayan balaca bir icmada 151 cinsi təcavüz iddiasını aşkar etməsi bütün ölkədə şok dalğası yaradıb. Bunların arasında uşaqların zorlanmasına dair iddialar da var.

Məqalədə deyilir ki, bu hadisə həm də Norveç hakimiyyət orqanları ilə etnik azlıq olan samilər arasında etimadsızlığı bir daha üzə çıxarıb. İddia edilən seksual təcavüzlərin əsas qurbanları məhz sami icmasına məxsusdurlar.

Son.az BBC-yə istinadən bildirir ki, Norveç hökuməti iddiaların araşdırılmasına "Verdens Gang" qəzetinin 2016-cı ildə dərc olunmuş məqaləsindən sonra başlayıb. Bu məqalədə Arktika qurşağında yerləşən və əhalisinin sayı cəmi 2 min nəfər olan balaca Tisfyord icmasından 11 kişi və qadının cinsi təcavüzə məruz qaldıqlarına dair şəxsi şəhadətləri dərc olunmuşdu.

İndi isə polisin yeni hesabatında 4 və 75 yaşları arasında olan 82 təcavüz qurbanı və 92 şübhəlidən söhbət açılır.

Bunların 70 faizi sami etnik qrupunun nümayəndələridir. Onları bəzən köhnə ənənəyə uyğun olaraq, "laplar" da adlandırırlar. Samilərin bir çoxu lüteranlığın mühafizəkar lestadianlıq təriqətinin davamçılarıdır.

İndiyədək 10 epizod üzrə 2 nəfərə qarşı ittiham irəli sürülüb. Polis bildirir ki, ittiham edilənlərin sayı artacaq.

Hesabatda deyilir ki, 151 cinsi təcavüzdən 43-ü, üçü uşaqlara qarşı olmaqla zorlamadır. 100-dək iddia üzrə istintaqa zaman keçdiyinə görə xitam verilib. Axı təcavüzlərdən bəzilərinin 1953-cü ildən bəri baş verdiyi deyilir.

Polis zabiti Tone Vangen mətbuat konfransında deyib ki, cinsi təcavüzlərin hər hansı bir şəkildə etnik və ya dini xüsusiyyətlərlə bağlı olduğu düşünülmür.

Bununla yanaşı, xanım Vangen bu qənaətdədir ki, təcavüzlər barədə polisə şikayət edilməməsi yerli ənənə və mədəniyyətin xüsusiyyətləri ilə bağlı ola bilərdi.