Uşağınız yuxuda ağlayır, danışır, gəzirsə, bu dəhşətli xəstəliyə tutulmuş ola bilər


Digərləri 29 Noy 2017 23:45:00 380 0

Uşağınız yuxuda ağlayır, danışır, gəzirsə, bu dəhşətli xəstəliyə tutulmuş ola bilər

Alimlər uzun illərdir yuxuların real həyatla nə dərəcədə bağlı olduqlarını araşdırırlar. Yuxuda gördüyümüz fantastik hadisələr gün boyu yaşanan hadisələrin insan beynində şüurlatı yerləşməsi və bunun yuxu zamanı ortaya çıxması kimi qəbul edilir. Bəs görəsən, yuxuda danışmaq hansısa xəstəlik göstəricisi hesab edilə bilərmi? İnsan beyni 8 saat normal yuxu rejimində dincəlir. Bu zaman görülən yuxular, qarabasmalar psixologiyamıza necə təsir edir?

Son.az bildirir ki, bu barədə publika.az-ın suallarını tanınmış nevropatoloq Hüseyn Soltanov cavablandırdı. Həkim yuxu rejiminin pozulmasını əhəmiyyətsiz sayan insanlara səslənərək, bunun bir sıra psixi xəstəliklərin, eləcə də epilepsiyanın başlanğıcı ola biləcəyini dedi: "Yuxu çox dərin prosesdir. Əsasən 4 fazadan ibarət olan yuxu pozuntularına uşaqlarda 50%, böyüklərdə isə 5% rast gəlinir. Bəzən sadəcə yorğunluğun, depressiyanın səbəb ola biləcəyi düşünülür. Lakin bu problem olduqca ciddi fəsadlar yarada bilər. Məsələn, gec saatlarda ağır həzm olunan qidalar yedikdə belə yuxu problem yaşana bilir. Mədədə həzm prosesi getdiyi üçün beyin oyaq olur və beləliklə yuxu rejimi pozulur. Bunu nəzərə alsaq, demək olar ki, yuxu sisteminin öyrənilməsi hər zaman alimlərin diqqət mərkəzində olur. Normal yuxu 8 saat olmalıdır. Lakin bu da insan orqanizminə görə dəyişir. Yuxunun birinci fazası "yuxuya getmə" adlanır və bu yalnız bir dəfə baş verir. Digər 2,3,4-cü fazalar isə (delta yuxu) ola da bilər, olmaya da. İnsan var ki, 8 saat yatır, yenə də doymur, çünki heç bir halda yuxu görmür. Yuxu strukturu pozulmuş olur. İnsan da var ki, 30 dəqiqə yatır və tamamilə gümrah oyanır. Bu individual olaraq dəyişir. Sovet alimlərindən biri iddia edirdi ki, yuxu ağrı, yuxu və depressiyadan ibarət üçbucaqdır. İnsan bu bucaq altında minimum 8 saat yatır. Əgər ağrınız varsa, yuxu rejiminiz pozulur, pozulursa, depressiyaya düşürsüz və depressiyada olan insan yuxunun birinci fazası olan "yuxuya getmə" prosesini normal yerinə yetirə bilmir. Ona görə də yuxu strukturunun pozulmasının müalicəsi birbaşa psixoloji və digər irsi xəstəliklərin aradan qaldırılması ilə bağlıdır".