Azərbaycan Xorvatiyaya gəmilərin ehtiyat hissələrinin birgə istehsalını təklif edir


Digərləri 29 Noy 2017 18:50:00 264 0

Azərbaycan Xorvatiyaya gəmilərin ehtiyat hissələrinin birgə istehsalını təklif edir

İqtisadiyyat naziri Xorvatiyanın Baş nazirinin müavini ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Xorvatiyanın Baş nazirinin müavini, İqtisadiyyat, sahibkarlıq və peşə naziri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Xorvatiya arasında əlaqələrin inkişaf etdiyini, 2013-cü ildə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair bəyannamənin imzalandığını vurğulayıb. Bildirilib ki, ötən gün Bakıda Azərbaycan və Xorvatiya hökumətləri arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın ilk iclasının keçirilməsi əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətlidir. Ölkələrimiz Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində əməkdaşlıq edir. Azərbaycan və Xorvatiya arasında sənaye, gəmiqayırma, neft-kimya, əczaçılıq, tranzit, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. Azərbaycanda sənaye parklarının, o cümlədən gəmiqayırma üzrə ixtisaslaşmış Qaradağ Sənaye Parkının fəaliyyət göstərdiyini qeyd edən iqtisadiyyat naziri ölkələrimizin gəmiqayırma sahəsində bir sıra ehtiyat hissələrinin birgə istehsalı üzrə əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb. Ş.Mustafayev Xorvatiya şirkətləri üçün ölkəmizin sənaye və neft-kimya potensialına, bu sahədə həyata keçirilən layihələrə dair təqdimat keçirilməsini təklif edib. Azərbaycana Xorvatiyadan dərman idxal olunduğunu, hazırda ölkəmizdə əczaçılıq məhsulları istehsal edəcək zavodların tikintisi işlərinin davam etdiyini bildirən nazir Ş.Mustafayev bu sahədə əməkdaşlıq imkanlarını vurğulayıb. Bundan başqa, Xorvatiya Azərbaycanın tranzit potensialından istifadə edə, ölkələrimiz arasında turizm sahəsində əlaqələrin inkişafı üçün birbaşa reyslər açıla bilər. Xorvatiyanın Baş nazirinin müavini, İqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliç Azərbaycana səfərindən məmnunluğunu bildirib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. M.Daliç vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına Birgə Komissiya da öz töhfəsini verəcək. Xorvatiyanın Baş nazirinin müavini ölkələrimiz arasında İKT, kənd təsərrüfatı, sənaye, turizm və s. sahələrdə əməkdaşlıq üçün imkanları diqqətə çatdırıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin