Nazirlik: Sürüşmələrin baş verməsinə vulkanlar da təsir göstərir


Digərləri 29 Noy 2017 18:23:33 234 0

Nazirlik: Sürüşmələrin baş verməsinə vulkanlar da təsir göstərir

Sürüşmələrin baş verməsinə vulkanlar da təsir göstərir.

Bakı. İlhamə İsabalayeva - Bakıda bəzi yaşayış məntəqələrində sürüşmənin baş verməsinə təbii və texnogen amilərlə yanaşı, palçıq vulkanları da təsir göstərir, vulkanlar sürüşmənin baş verməsi üçün daha münbit şərait yaradır. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, yağışların təsirindən Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə sahələri aktivləşib. R.Həsənov qeyd edib ki, "Bozdağ Hökməli" palçıq vulkanının ətrafındakı sürüşmə sahəsində həm də genişlənmə müşahidə edilir. Nazirlik rəsmisi əlavə edib ki, həm "Bozdağ Hökməli" palçıq vulkanının ətrafında, həm də "Zəli gölü" adlanan ərazidə süxurların tərkibində vulkan külləri iştirak edirlər: "Uzun illər boyu küləyin təsirindən "Bozdağ Hökməli" palçıq vulkanının külləri daha geniş ərazilərə yayılıb. Bu da həmin ərazidəki çöküntülərin suya daha çox həssas olmasına səbəb olub. Vulkan külü torpağa qarışdıqda süxurların möhkəmliyi zəifləyir. Azca belə nəmlik təsirindən süxurlar asanlıqla parçalanır. Həm yağışların, həm də süxurlarda vulkan külünün olması nəticəsində belə problemlər yaranır". R.Həsənov qeyd edib ki, Mazasırdakı "Zəli gölü" adlanan ərazidə sürüşmə sahəsinin fəallaşmasında "Keyrəki" vulkanının külləri rol oynayır: "Həmin ərazidəki süxurlarda da "Keyrəki" vulkanının küllərinin olması nəticəsində belə problemlər olur. Burada həm də texnogen amillər rol oynayır. Əhalinin daha çox ərazidə ev tikməsi, yamacın kəsilməsi birbaşa onun dayanıqlığının itməsinə səbəb olur. Bunun da nəticəsində ya sürüşmə, ya da uçqunlar baş verir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin