İran Bolqarıstanın baş nazirinin olduğu təyyarənin onun hava məkanından istifadə etməsinə icazə verməyib


Dünya 29 Noy 2017 17:51:32 255 0

İran Bolqarıstanın baş nazirinin olduğu təyyarənin onun hava məkanından istifadə etməsinə icazə verməyib

Bolqarıstan XİN: Tehran əvvəlcə razılıq verib, lakin baş nazirin təyyarəsi İran hava məkanına daxil olandan sonra fikrini dəyişib

İran göyərtəsində Bolqarıstanın baş naziri Boyko Borisovun olduğu adıçəkilən ölkənin hökumət təyyarəsinin onun hava məkanından istifadə edərək tranzit uçuşu həyata keçirməsinə icazə verməyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli telekanalın efirində Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxariyeva bildirib.

Hadisə Bolqarıstan baş nazirinin başçılıq etdiyi hökumətin nümayəndə heyətinin Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı baş verib.

Y.Zaxariyevanın sözlərinə görə, Tehran əvvəlcə uçuşa razılıq verib, lakin baş nazirin təyyarəsi İran hava məkanına daxil olandan sonra fikrini dəyişib.

O qeyd edib ki, təyyarə Türkiyənin hava məkanına qayıtmalı olub və türkiyəli səlahiyyətlilərin vasitəçiliyi sayəsində İraq ərazisi üzərindən Səudiyyə Ərəbistanına istiqamət alıb.

Diplomat İran tərəfinin təyyarənin kursundan fərqli istiqamətə getdiyini iddia etdiyini və buna görə də ölkənin hava məkanını tərk etməyi tələb etdiyini vurğulayıb.

Öz növbəsində, Bolqarıstan hökumətinin sözçüsü Sevdelina Arnaudova "Facebook" səhifəsində hadisə ilə əlaqədar İranın Sofiyadakı səfirliyinin müvəqqəti işlər vəkilinin vəziyyəti aydınlaşdırmaq üçün təcili surətdə Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırıldığını məlumat verib.