XİN başçısı: "Azərbaycanda Kosta-Rikanın səfirliyinin açılması xoş münasibətlərin əlamətidir"


Siyasət 29 Noy 2017 17:26:42 297 0

XİN başçısı: "Azərbaycanda Kosta-Rikanın səfirliyinin açılması xoş münasibətlərin əlamətidir"

Manuel Qonzalez Sanz: "İki ölkə arasındakı ticarət əlaqələrinin inkişafı böyük potensiala malikdir"

"Bakıda səfirliyinin açılması Azərbaycanla Kosta-Rika arasındakı xoş münasibətlərin əlamətidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz deyib.

XİN başçısı qeyd edib ki, bu, onun Azərbaycana üçüncü səfəridir.

"Bu gün ölkəm üçün çox əhəmiyyətli gündür. Çünki Azərbaycanda səfirliyimizi açırıq. Bu, kifayət qədər qısa zaman kəsiyində qurulan dostluq münasibətlərinə aydın sübutdur. Ölkələr arasında diplomatik əlaqələr uzun illərdir qurulsa da, məh zson illərdə əməkdaşlığımızı əhəmiyyətli dərəcədə inkişaf etdirmişik", - Sanz bildirib.

Nazir bu gün baş tutuan intensiv danışıqlara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Manuel Qonzalez Sanz Azərbaycan dünyanın bu hissəsindəki ölkələr arasında Kosta-Rikanın mühüm strateji tərəfdaşına çevrilməsində maraqlı olduqlarının qeyd edib.

O, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb: "İki ölkə hökuməti arasındakı münasibətlər yüksək səviyyədədir. İndi iki ölkə xalqı bu siyasi platformadan nümunə götürməlidir".

Kosta-Rika XİN başçısı Azərbaycanın da San-Xose şəhərində səfirlik açacağına ümid etdiyini bildirib.

Nazirin sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı böyük potensiala malikdir, eləcə də qarşılıqlı sərmayə sahəsinin inkişaf perspektivləri mövcuddur.

Manuel Qonzalez Sanz Bakıdakı səfirliyə hələlik müvəqqəti işlər vəkilinin rəhbərlik edəcəyini və artıq gələn il Kosta-Rikanın Azərbaycandakı səfirinin təyin olunacağına ümidvar olduğunu bildirib.