"Nəsimi" filminin Fatiməsindən ETİRAF: "Onun bir sözü bəs idi ki, mən sənəti atım" FOTO


Kriminal 28 Noy 2017 21:02:00 301 0

"Nəsimi" filminin Fatiməsindən ETİRAF: "Onun bir sözü bəs idi ki, mən sənəti atım"  FOTO

“Bunu fəxarətlə deyirəm”

Əməkdar artist Xalidə Quliyevanın Son.az-a müsahibəsi.

- Xalidə xanım, son illər filmlərdən daha çox seriallarda sizi görürük. Klassik filmlərdə çəkilən bir aktrisa kimi müasir seriallarla ayaqlaşa bilirsiniz?

- Nəinki ayaqlaşırıq, hətta serialın yaxşı çıxmasına görə də böyük qüvvə sərf edirik. Cavanlar bizə baxıb daha da məsuliyyətli olmağa çalışırlar. Bu seriallara yalnız xeyirimiz var. Biz peşəkarlığımızdan istifadə edib onları düzgün istiqamətləndiririk. Bu məsləhətlər, tövsiyələr gənc aktyor və rejissorlara vacibdir. Nə iş görürüksə çalışırıq ki, onu sevə-sevə edək, yola verməyək.

- Bəzən gənclər iradı, tənqidi qəbul etmirlər. Bu cür hallarla qarşılaşmısınız?

- Əslində mən bu məsləhətləri gizli şəkildə kənara çəkib demişəm. Rejissordan icazəsiz tərəf müqabilinə nəsə demək də düzgün olmaz. Əsas da özümə aid olanda deyirəm. Həmişə bir-birimizi anlayışla qəbul etmişik, hələ ki, rejissorla bir problem yaşamamışam. İstər həmkarlarım, istərsə də rejissorlar mənə həmişə hörmətlə yanaşıblar.

- Bu həm də aktrisanın özündən asılıdır.

- "Bir ailəm var" serialına çəkiləndə bir gənc aktrisa mənə dedi ki, siz hirslənəndə də elə hirslənirsiniz ki, istəmirsiz ki, heç kimin xətrinə dəyəsiniz. Allah o gündən məni qorusun ki, kimisə incidim, aşağılayım, ona qarşı kobudluq edim. Bu mənim aləmimdə heç vaxt ola bilməz.

- İnsanların xətrinə dəyməyi xoşlamırsınız. Bəs insanlar necə, sizin xətrinizə dəyirlər?

- Xeyr, onlar da məni çox istəyirlər. Həm də məndən qorxurlar (gülür).

- Niyə qorxsunlar ki?

- Mən çox kövrək adamam, bilirlər ki, xətrimə dəysələr ağlayacağam. Onlar da mənim xətrimə dəyməkdən qorxurlar. Siz bilirsiniz ki, mən daha çox Həsən Seyidbəylinin filmlərində çəkilmişəm. Heç vaxt Həsən müəllim mənə deməyib ki, filan şeyi belə et. Çünki məni olduğum kimi qəbul edib. Həmçinin də çalışdığım bir çox rejissorlar.

- Deyə bilərikmi Xalidə xanım bütün filmlərində özünü oynayıb?

- Bəli, bütün filmlərimdə özümü oynamışam.

- Amma son illər nədənsə sizi daha çox mənfi, qəzəbli ana və qaynana obrazlarında görürük. Əslində özünüz istədiniz ki, dəyişəsiz, yoxsa rejissorlar sizi belə gördü?

- Hər şey ssenaridən asılıdır da. Bu sahədə nə baş verir bilmirəm, amma nədənsə ana obrazlarını mənfi yazırlar. Bu səhnələri də mən elə oynayırdım ki, tamaşaçı mənə haqq qazandırırdı. Qışqıranda da mədəni sürətdə qışqırırdım (gülür). Çünki bir insanın həm mənfi, həm də müsbət cəhətləri olur. İnsanı bütünlükdə mənfi obraz kimi təqdim etmək nəyə lazımdır? Ona görə də mən hər rolumda o səhnələri elə oynamışam ki, tamaşaçı düşünməyə məcbur olub. Onun təqdimatını etməyə çalışmışam ki, mənə qarşı mənfi rəy yaranmasın. Amma rejissorlar nə qədər də istəsələr məni qəddarlaşdıra bilmədilər. Bu heç alınmayacaq da (gülür).

- Sizin nəsil aktrisalar üçün o vaxtı xüsusi qadın rolları yazılırdı. Amma nədənsə bu gün müasir filmlərdə bu kimi hallara rast gəlmirik.

- Seriallarda aparıcı qadın rollarını oynamışam. Amma müasir dövrdəki filmlərdə qadın rolları elə bil bir az zəifləyib. Son illərdə çəkilən "Nar bağı", "Nabat" filmlərindəki qadın rollarına xüsusi önəm verilib. Rejissorlar başa düşmürlər ki, qadın baş qəhrəman olanda o film baxılacaq. Filmlərdə qadın, ana problemi ortalığa qoyulmalıdır.

- Deməli qadınlara daha çox tələbat var?

- Heykəltaraş Roden həmişə qadın heykəlləri yaradıb. Ona sual veriblər ki, niyə məhz qadın heykəlləri yaradırsan? Cavab olaraq deyib ki, mənə həyatda bundan vacib olan mövzu yoxdur. Ssenaristlərə məsləhət görərdim ki, qadınlar üçün baş rollar yazsınlar.