“Quran müqəddəs kitab deyil” deyən ilahiyyatçıya cavab


Digərləri 28 Noy 2017 21:05:00 261 0

“Quran müqəddəs kitab deyil” deyən ilahiyyatçıya cavab

Qurnani-Kərimin müqəddəs hesab edilməsinin onun insanlara açıq olması ilə heç bir ziddiyyəti yoxdur.

Son.az publika.az-a istinadla xəbər verir ki, bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Publika.az-a ilahiyyatçı Elşad Mirinin "Yaşıl orta" verilişində "Quran müqəddəs kitab deyil" fikirlərinə münasibət bildirərkən deyib.

Hacı Şahin bildirib ki, "Qurani-Kərim"də yazılanlar Allah kəlamı olduğu üçün müqəddəs kitabdır:

"Bir kitab müqəddəsliyini qorumaq şərtilə insanlar üçün açıq ola bilər, hər kəs o kitabı mütaliə edə bilər. "Allah kitabının digər kitablardan heç bir fərqi olmadığını demək kökündən yanlışdır. "Qurani-Kərim" Allah kitabıdır və müqəddəsdir. Bu kitabı hər kəs oxuya bilər. Müsəlmanlar isə bu kitabı mütləq oxumalıdır. "Qurani-Kərim" hər hansı peşə sahiblərinə aid deyil, bütün bəşəriyyətə göndərilmiş hidayət kitabıdır. "Qurani-Kərim" islamla tanışlıq kitabıdır. Onun müqəddəsliyi ilə əlçatmazlığını eyniləşdirmək olmaz".

İlahiyyatçı "Qurani-Kərim"in heç bir yerində onun müqəddəsliyi barədə ifadənin olmamasını belə izah edib:

"Qurani-Kərim"də bir torpaq haqda müqəddəs ifadəsi işlədilir. Ayədə göstərilir ki, Həzrəti Musaya deyilir ki, "çarıqlarını çıxart, sən müqəddəs bir vadiyə daxil olmusan". Bu torpaqda Musa peyğəmbərə vəhy nazil olduğuna görə, həmin yer müqəddəs hesab edilir. Bir halda ki, Allah kəlamının nazil olduğuna görə yer müqəddəs olursa, Allahın kəlamının özünün müqəddəs olmadığını iddia etmək tamamilə yanlışdır. Onun müqəddəs olmasınını kitabın özündə yazılmaması ilə əsaslandırmaq da düzgün yanaşma deyil. Çünki hər bir şeyin Quranda yazılması önəmli deyil. Əgər bu kitabda torpaq müqəddəs hesab edilirsə,bu müqəddəsliyin hansı mənaya gəldiyini düşünüb, nəticə çıxartmalıyıq. Allah özü müqəddəsdirsə, onunla bağlı olan hər şey də müqəddəs hesab edilməlidir. Hər bir şeyin Quranda açıq mətnlə yazılmasına ehtiyac yoxdur. Bu bir qədər zahirpərəst yanaşma olar. Bir təfəkkür etməliyik, çünki dinimiz təfəkkürə önəm verir. Quranın mahiyyətini anlamalıyıq".