Əli Həsənovun qazax dilinə tərcümə olunmuş kitabının Astanada təqdimatı keçirilib FOTO


Digərləri 28 Noy 2017 18:09:00 349 0

Əli Həsənovun qazax dilinə tərcümə olunmuş kitabının Astanada təqdimatı keçirilib  FOTO

Noyabrın 28-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun qazax dilinə tərcümə olunmuş "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti" kitabının təqdimatı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən kitabın ön sözünün müəllifi, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Əli Həsənovun Qazaxıstanın geniş oxucu kütləsinə təqdim edilən bu kitabının elmi və siyasi baxımdan böyük əhəmiyyətinin olduğunu bildirib. O deyib ki, müəllif əsərdə bilavasitə Qazaxıstanın da aid olduğu Xəzər hövzəsi regionunu tədqiq edir. Kitab qazax tədqiqatçılar, siyasətçilər və diplomatlar üçün faydalı elmi vəsaitdir.

Beynəlxalq Türk Akademiyasının prezidenti vurğulayıb ki, müəllif əsəri sadəcə Azərbaycan prizmasından deyil, regional kontekstdən çıxış edərək obyektiv əsaslandırmalarla yazıb. Bu da əsərin əhəmiyyətini daha da artırıb və onu beynəlxalq tədqiqatçılar, o cümlədən Qazaxıstandan olan oxucular üçün maraqlı edib.

Kitabın bütün fəsillərində Avrasiya coğrafiyasının əsas komponentlərindən biri kimi Qazaxıstanın da daxil olduğu Xəzər hövzəsi regionunun təhlükəsizlik və sabitlik məsələləri əksini tapıb. Bu baxımdan, əsərin ilk dəfə olaraq qazax dilində də işıq üzü görməsi təqdirəlayiq hesab oluna bilər.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, kitabda Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası beynəlxalq, regional, yerli maraqlar sistemində təhlil edilir, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılır. Eyni zamanda, transmilli dünya güclərinin və regional dövlətlərin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin təhlili verilir.

Türk Şurası Ağsaqqallar Şurasının Qazaxıstandan olan üzvü Adil Axmetov və tanınmış qazax tarixçisi Bolat Kömekov qeyd ediblər ki, siyasi fəaliyyəti ilə yanaşı, həm də beynəlxalq münasibətlər və siyasi elmlər sahəsində çoxsaylı fundamental əsərlərin müəllifi kimi tanınan Əli Həsənovun bu kitabı dost və qardaş Azərbaycanın həqiqətlərinin, ölkənin regional proseslərə yanaşmasının Qazaxıstanın elmi-akademik dairələrinə, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.


Xəbərə aid fotolar